...

Serj Sarkisyanın sammitdə iştirakdan imtinasını NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstəyi ilə əlaqələndirməsi düzgün deyil - politoloq

Siyasət Materials 22 Noyabr 2010 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir T.Hacıyev/

ATƏT sammitində iştirakdan və ya sənəd imzalamaqdan imtinaya hazırlaşan Ermənistan prezidenti Serj Sarkisyanın Lissabondakı NATO sammitində iştirakdan imtina etməsini NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi ilə əlaqələndirməsi düzgün deyil. Bunu bazar ertəsi Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Çünki o, NATO-nun Buxarest sammitində də (2008) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eyni mövqeni təsbit etmişdi. Serj Sarkisyan ATƏT Minsk qrupunun (MQ) həmsədr ölkələrinin  (ABŞ, Fransa, Rusiya) prezidentləri ilə dialoqdan yayındı. Son 2 ildə Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT MQ ölkələrinin prezidentləri ilə görüşü yalnız NATO sammitində ola bilərdi. Eləcə də qarşıdan gələn 2 il üçün də bu ehtimalı irəli sürmək olar. Çünki ATƏT-in Astana sammitində Rusiya və Fransa prezidentlərinin iştirakı gözlənilsə də, ABŞ prezidentinin iştirakı gözlənilmir. Sarkisyanın danışıq imutasiyası üçün üç prezidentin birlikdə olması ölümcül təhlükəlidir. Həmsədr ölkələrinə ayrı-ayrılıqda yalan danışmaqla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yubatmaq ermənilərin istifadə etdiyi sınaqdan çıxmış metoddur", - Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, son zamanlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində diplomatik resursları tükənmiş Ermənistan hərbi resurslardan geniş istifadə edir.

"Ağdamdakı hərbi təlimlər, qoşunların təmas xəttində erməni hərbçilər arasında böyük insidentlər bu məqsədə xidmət edir. ATƏT-in 2010-cu il Astana sammitindən əvəlki sammit 11 il əvvəl - 1999-cu ildə İstanbulda keçirildi. O zaman münaqişənin dinc yolla tənzimlənməsi ilə bağlı sənəd imzalanması gözlənirdi. 1999-cu il 27 oktyabrda Emənistan parlamentindəki gülləbaran bu sənədin imzalanmasının qarşısını aldı. Bir-birini öldürməkdən çəkinməyən, diplomatik resursları tükənmiş Ermənistan indi də bu metoddan istifadə etmək ərəfəsindədir. Məqsəd Sarkisyanın Astanaya, ATƏT sammitinə getməsinin və ya gedəcəyi təqdirdə sənəd imzalanmasının qarşısını almaqdır. Yaxın günlərdə ermənilərin qoşunların təmas xəttində yenidən özlərini öldürməsi və bunu Azərbaycanın adı ilə bağlaması istisna deyil", - politoloq əlavə edib.

Əhmədoğlu hesab edir ki, beynəlxalq ictimaiyyət hətta Ermənistanın iştirakı olmadan Dağlıq Qarabağ münaqişəsini tənzimlənməsi ilə bağlı hüquqi qüvvəsi olan sənədin imzalanmasını təkid etməlidir.

"ATƏT MQ həmsədrlərinin hazırladığı, Azərbaycanın qəbul etdiyi sənədi dördlüyün (RF, ABŞ, Fransa və Azərbaycanın) birgə sənədi kimi "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Stepanakert/Xankəndi prinsipləri" adı ilə ATƏT-ə üzv ölkələrin hamısına və ya böyük əksəriyyətinə imzalatmaq faydalıdır. Bu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edə bilməyən, Dağlıq Qarabağ münaqişəsinin hədsiz zəiflətdiyi Ermənistan üçün daha faydalıdır", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti