Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir S.Ağayeva/
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıda Azərbaycanda keçirilmiş parlament seçkilərindən sonrakı vəziyyəti müzakirə etmək niyyətindədir.
"Budəfəki səfərimizin məqsədi Azərbaycanda parlament seçkilərindən sonra siyasi vəziyyətin öyrənilməsi, hökumət və siyasi qüvvələrin nümayəndələri ilə görüşlərdir. Gələcəkdə necə getmək və seçkilərdən sonra hansı nəticələri çıxarmaq barədə məsələlərə baxmaq lazımdır", - Semnebi cümə axşamı Bakıya işgüzar səfəri çərçivəsində gəldikdən sonra jurnalistlərə deyib.
Xüsusi nümayəndənin sözlərinə görə, o, Aİ tərəfindən Azərbaycanda demokratik sistemin gələcək inkişafına və demokratik mədəniyyətə kömək göstərmək yolları ilə tanış olmaq niyyətindədir.
Azərbaycanda parlament seçkiləri 2010-cu ilin noyabr ayının 7-də keçirilib.
Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.
Azərbaycan Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini baxılması üçün artıq ölkənin Konstitusiya Məhkəməsinə təqdim edib.