...

Azərbaycan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin müzakirə müddətini uzadıb (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 26 Noyabr 2010 16:53 (UTC +04:00)
Azərbaycan Konstitusiya Məhkəməsi (KM) parlament seçkilərinin nəticələrinin müzakirə edilməsi müddətini noyabrın 29-dək uzadıb.
Azərbaycan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin müzakirə müddətini uzadıb (YENİLƏNİB) (FOTO)

RED. əlav.: şəkillər əlavə olunub.

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsi (KM) parlament seçkilərinin nəticələrinin müzakirə edilməsi müddətini noyabrın 29-dək uzadıb.

Azərbaycan KM-in Plenumunun cümə günü keçirilən iclasında xüsusi konstitusiya icraatında 7 noyabrda baş tutan parlament seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının (MSK) 22 noyabr tarixli protokolunun Konstitusiyanın 86-cı maddəsinə, Seçki Məcəlləsinə uyğunluğu və seçkilərin nəticələrinin təsdiq edilməsinə dair işə baxılır.

"Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin yoxlanılması məqsədilə ekspertləri cəlb edib", - hakim Rəfael Qvaladze çıxış edərək bildirib.

Baş Prokurorluqdan KM-in sorğusuna cavab olaraq bildirilib ki, seçki qanunvericiliyinin pozulması ilə bağlı 89 müraciət daxil olub. Baş Prokurorluq onlardan biri, 89 saylı Göycay-Ağdaş seçki dairəsi üzrə cinayət işi başlayıb. Bu iş həmin dairədən namizədliyini verən şəxs tərəfindən seçki qanunvericiliyinin pozulması ilə bağlıdır. Həmin şəxs seçki günü səsvermənin gedişinə müdaxilə edib.

KM-in sorğusuna cavab olaraq bildirilib ki, Şəki, Sumqayıt, Gəncə, Şirvan apelyasiya məhkəmələrinə seçkilərlə bağlı müraciət daxil olmayıb. Bakı Apelyasiya Məhkəməsindən sorğuya cavab olaraq bildirilib ki, seçkilərlə bağlı 59 iş daxil olub. Onlardan biri geri qaytarılıb, 58-i rədd edilib.

Ali Məhkəməyə kassasiya qaydasında 66 müraciət daxil olub, o cümlədən seçkilərin nəticələri ilə əlaqədar 1 mülki iş daxil olub.

Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri keçirilib.

MSK-nın 22 noyabrda təsdiq etdiyi yekun protokolu komissiyanın 18 üzvündən 17-si imzalayıb.

MSK-nın məlumatına görə, seçicilərin seçkidə iştirakı 50,14 faiz (2480205 seçici) təşkil edib. Parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti