...

Milli Məclis Azərbaycan xalqını təbrik edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Dekabr 2010 13:59 (UTC +04:00)
Milli Məclis Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Milli Məclis Azərbaycan xalqını təbrik edib (ƏLAVƏ OLUNUB)

Müraciətin mətni əlavə olunub.

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir M.Əliyev/

Milli Məclis Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Cümə axşamı Parlament öz iclasında qarşıdan gələn bayramlarla əlaqədar xalqa müraciət qəbul edib. Müraciəti Milli Məclisin vitse-spikeri Bahar Muradova oxuyub.

"Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 19 il öncə elan edilmiş milli mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin təməli qoyulub. Bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarla azərbaycanlı gücün birlikdə olması həqiqətini daha aydın dərk edir. Azərbaycan diaspor və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Bu gün Azərbaycan dünyanın ən dinamik, inkişaf edən ölkələri sırasındadır. Azərbaycanın uğurlarını öz uğurları, problemlərini isə öz problemləri sayan soydaşlarımız Qarabağ dərdinin sağalacağı, bir milyondan çox qaçqın və köçkünlərin doğma yurduna dönəcəyi günü gözləyirlər. Bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr, Dağlıq Qarabağ probleminin həllini daha da yaxınlaşdıra bilərlər. Soydaşlarımız və həmvətənlərimiz Azərbaycanın dünyaya daha yaxından tanıdılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi istiqamətində də çox iş görə bilərlər", - müraciətdə qeyd olunub.

Müraciətdə dünya azərbaycanlıları ümummilli məqsədlərin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırılıblar.

Hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Dünyada on milyonlarla azərbaycanlı yaşayır. Onlar dünyanın müxtəlif yerlərində - İran, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, ABŞ və başqa ölkələrdə yaşayırlar. Azərbaycan diasporunun böyük əksəriyyəti Rusiyada yaşayır. Müxtəlif məlumatlara görə, Rusiyada 1,5-2 milyon azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti