...

Müsavat Partiyası 20 ildir cəmiyyəti aldatmaqla məşğuldur - partiya sədri

Siyasət Materials 21 Fevral 2011 17:18 (UTC +04:00)
Müsavat Partiyası 20 ildir ki, cəmiyyəti aldatmaqla məşğuldur. Bu barədə bazar ertəsi Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
Müsavat Partiyası 20 ildir cəmiyyəti aldatmaqla məşğuldur - partiya sədri

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyası 20 ildir ki, cəmiyyəti aldatmaqla məşğuldur. Bu barədə bazar ertəsi Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Oruc qeyd edib ki, Müsavat Partiyası əvvəllər müttəfiq hesab etdiyi Klassik Xalq Cəbhəsi Partiyasını da fevralın 19-da keçirdikləri tədbirə dəvət etməyib.

"Nəinki KXCP, hətta bir müddət əvvələ qədər Müsavat funksionerləri olmuş şəxsləri - uzun müddət Müsavat Məclisinə rəhbərlik etmiş şəxsi, onlarla çiyin-çiyinə işləmiş, müsavatçılıq ideologiyasına xidmət etmiş İbrahim İbrahimlini, Adil Qeybullanı və digər şəxsləri də tədbirlərinə dəvət etməyiblər", - Oruc əlavə edib.

Onun sözlərinə görə, son zamanlar Müsavat rəhbərliyində qəribə bir kompleks yaranıb.

"Onlar hamının yanında xırda göründükləri üçün arxada bir yerdə hay-küy yaratmaqla guya ki, böyük işlər gördükləri barədə təsəvvür yaratmağa çalışırlar", - o vurğulayıb.

Oruc özünün tədbirə dəvət olunmamasını səsləndirdiyi tənqidi fikirlərlə əlaqələndirib.

"Mən bildirmişdim ki, iyirmi ildir onlar baş qatmaqla, cəmiyyəti aldatmaqla və cəmiyyətdə aktivlik yaranarkən hakimiyyətlə bazarlığa getməklə, həmin aktivliyi yatırtmaqla məşğuldurlar. Yəqin ki, bu sözləri yubileylərində eşitmək istəməyiblər. Bu da onların haqqıdır", - Oruc qeyd edib.

Azadlıq Partiyası rəhbərinin fikirlərinə Müsavat Partiyası tərəfindən partiyanın başqan müavini Tofiq Yaqublu münasibət bildirib.

O, Trend-ə açıqlamasında bildirib ki, tədbir təşkil olunarkən heç kimə xüsusi dəvətnamə göndərilməyib.

"Mətbuat vasitəsilə Müsavat sevərlər tədbirə dəvət olunub. Digər şəxslər isə İctimai Palatanın Koordinasiya Şurasının iclası zamanı partiya başqanı tərəfindən dəvət olunub", - Yaqublu qeyd edib.

Fevralın 19-da Müsavat Partiyası yaranmasının 100 illiyi ilə əlaqədar yubiley tədbiri keçirib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb. 1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti