...

Azərbaycanda siyasi partiyaların dialoqu təxirə salınıb

Siyasət Materials 3 Mart 2011 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda siyasi partiyaların dialoqu təxirə salınıb. Bu barədə cümə günü Trend-ə ATƏT-in Bakı ofisinin mətbuat katibi Rəşad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, dialoqa dəvət olunan siyasi partiyaların iştirakı ilə bağlı problemlər yaranıb. Hüseynov qeyd edib ki, görüşün keçiriləcəyi tarix və yer yaxın vaxtlarda elan olunacaq.

Mart ayının 7-8-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə siyasi partiyalarların dialoqunu nəzərdə tutan tədbirin keçirilməsi planlaşdırılırdı. Görüşə ATƏT-in baş ofisindən ekspertlər də dəvətli idilər.

Tədbirdə Azərbaycan Prezident Administrasiyası, Milli Məclisindən yüksək vəzifəli şəxslərin, bir sıra siyasi partiya nümayəndələrinin iştirakı gözlənilirdi.

Dialoqun təşkilinin məqsədi partiyaların siyasi tənzimlənməsində Azərbaycan hökumətinə yardım etməkdir.

İştirakçılara ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Venesiya Komissiyasının siyasi tənzimlənməyə dair əsas qaydaları və sənədləri barədə məlumat verilməli, Azərbaycanda "Siyasi partiyalar haqqında" qanunun təkmilləşdirilməsi imkanları müzakirə olunmalı idi.

Azərbaycanda 60-dan çox siyasi partiya fəaliyyət göstərir. Onlardan 54-ü rəsmi dövlət qeydiyyatından keçib.

Xəbər lenti

Xəbər lenti