...

ATƏT Azərbaycan hakimiyyətinin "Diffamasiya haqqında" qanunun qəbul edilməsində göstərdiyi səyləri alqışlayır - sədr

Siyasət Materials 14 Mart 2011 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir S.Ağayeva/

ATƏT Azərbaycan hakimiyyətinin "Diffamasiya haqqında" qanunun qəbul edilməsində göstərdiyi səyləri alqışlayır. Trend-in məlumatına görə, bu barədə ATƏT sədri Audronyus Ajubalis Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

"Bu proses başlayıb və güman edirik ki, uğurla başa çatacaq. Söz azadlığı Litvanın ATƏT-dəki sədrliyinin prioritetlərindən biridir", - Ajubalis qeyd edib.

"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupuna millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşuldu. Qanun layihəsi ATƏT-in ekspertizasından keçib.

Ajubalisin sözlərinə görə, ATƏT Azərbaycana Seçki Məcəlləsinin, eləcə də "Siyasi partiyalar haqqında" qanunun təkmilləşdirilməsi məsələsində texniki yardım göstərmək niyyətindədir.

"Mən Azərbaycanda həm hakimiyyət, həm vətəndaş cəmiyyəti, həm də siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirdim və güman edirəm ki, Azərbaycan soz azadlığının təmin edilməsi sahəsində yaxşı nəticələr əldə edəcək", - Ajubalis qeyd edib.

Ajubalis hazırda Azərbaycanda korrupsiya əleyhinə aparılan mübarizəni də alqışlayır.

Xəbər lenti

Xəbər lenti