...

Azərbaycanın müxalifət partiyası yeni təşkilatlarını yaradır

Siyasət Materials 20 Aprel 2011 13:59 (UTC +04:00)
Müxalif Vətəndaş və İnkişaf Partiyası (VIP) yeni təşkilatlar yaradır.
Azərbaycanın müxalifət partiyası yeni təşkilatlarını yaradır

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir T.Hacıyev/

Müxalif Vətəndaş və İnkişaf Partiyası (VIP) yeni təşkilatlar yaradır. Trend-in VİP-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, partiyanın Siyasi Şurasının yeni tərkibli yığıncağında Qadınlar Təşkilatı və Ağsaqqallar Şurasının formalaşdırılması, eyni zamanda Gənclər Təşkilatının fəaliyyətinin genişləndirilməsinin zəruriliyini önə çəkilib.

Şuranın iclasında çıxışı zamanı partiya sədri Əli Əliyev parlament seçkilərindən sonra ölkədə yaranmış vəziyyəti ətraflı təhlil edib və regionda baş verən proseslərin Azərbaycana mümkün təsiri haqqında danışıb. Əliyev qeyd edib ki, partiya müxalifətdaxili inteqrasiya məsələlərinə geniş yer ayırıb və VİP ilə ALP-nin bu istiqamətdə irəli sürdüyü birgə təşəbbüsün müəyyən formada nəticə verəcəyinə inanır. Bu məsələyə münasibət bildirən Siyasi Şura üzvləri VİP-in ölkədaxili siyasi proseslərdə tutduğu mövqenin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələrdə partiya üzvlərinin qeydiyyatının sistemləşdirilməsi, partiyadaxili durum və VİP-in kütləvi tədbirlərə hazırlıq mexanizminin təkmilləşdirilməsi kimi məsələlər diqqət mərkəzinə gətirilib. Bundan başqa, təbliğat məsələlərinə dair müəyyən təkliflər irəli sürülüb.

İclasda VİP-in Bakı şəhəri və kənd rayonları üzrə yerli təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Siyasi Şura üzvləri arasında vəzifə bölgüsü aparılıb. Sonda carı məsələlərə baxılıb və uyğun qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti