...

İnsanların radikal müxalifət partiyalarını tərk etməsi həmin partiyaların dağıdıcılıq fəaliyyətinin nəticəsidir - Əli Əhmədov

Siyasət Materials 23 Aprel 2011 13:54 (UTC +04:00)
Radikal müxalifət partiyalarının sıralarında olmuş adamların kütləvi şəkildə həmin partiyaların sıralarını tərk etmələri Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki sabitliyi pozmaq istiqamətində fəaliyyətinə cavabıdır.
İnsanların radikal müxalifət partiyalarını tərk etməsi həmin partiyaların dağıdıcılıq fəaliyyətinin nəticəsidir - Əli Əhmədov

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir T.Hacıyev/

Radikal müxalifət partiyalarının sıralarında olmuş adamların kütləvi şəkildə həmin partiyaların sıralarını tərk etmələri Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki sabitliyi pozmaq istiqamətində fəaliyyətinə cavabıdır. Trend-in məlumatına görə, bunu şənbə günü jurnaistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

"Bu partiyalar dərk etməlidirlər ki, Azərbaycan xalqı onların bütün səylərinə nəinki biganəlik göstərir, kəskin şəkildə öz etirazını bildirir. Azərbaycandakı ictimai-siyasi sabitliyi hər bir Azərbaycan vətəndaşı yüksək qiymətləndirir. Çünki ölkəmizin əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində qərarlaşmış ictimai-siyasi sabitliyin üzərində möhkəmlənib. Azərbaycan vətəndaşları kimlərinsə hansı maraqlar naminə ölkəmizdəki sabitliyi pozmaq səylərini pisləyirlər. Güman edirəm ki, bundan sonra da bu münasibəti göstərəcəklər", - o əlavə edib.

Əhmədov qeyd edib ki, müxalifətin radikal qanadındakı partiyaların kütləvi aksiyalar keçirmək cəhdləri biabırçılıqla iflasa uğrayıb.

"Bir neçə gənci aldadaraq küçələrə tökməklə əlbəttə ki, kütləvi aksiya keçirmək mümkün deyil və bunun adını da mitinq qoymaq olmaz. Digər tərəfdən ola bilsin ki, həmin radikal müxalifət partiyaları ölkədə sabitliyi pozmağa səy göstərirlər. Bir neçə nəfərin hesabına ölkədə sabitliyi pozmaq da mümkün deyil. Onların bu hərəkətləri xalqın onlara qarşı ikrah hissini daha da gücləndirir. Ona görə də onların sıraları seyrəlir və üzvlər partiyalardan kənarlaşır", - Əhmədov vurğulayıb.

İcra katibi hesab edir ki, radikal müxalifətçilik öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur. Onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək.

"Onların sıralarında qalan az sayda adamlar da həmin partiyalardan kənarlaşacaqlar, aldadılıb cəlb olunan gənclər də səhv yola cəlb olunduqlarını dərk edəcəklər. Azərbaycanda radikalçılığa, aqressivliyə yer yoxdur", - Əhmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti