...

ABŞ konqresmenləri Bakıda Dağlıq Qarabağ məsələsini müzakirə ediblər

Siyasət Materials 28 Aprel 2011 15:05 (UTC +04:00)
Cümə axşamı ABŞ konqresmenləri Bakıda Azərbaycan parlamentariləri ilə ATƏT-in Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi məsələsini müzakirə ediblər.
ABŞ konqresmenləri Bakıda Dağlıq Qarabağ məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir M.Əliyev/

Cümə axşamı ABŞ konqresmenləri Bakıda Azərbaycan parlamentariləri ilə ATƏT-in Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi məsələsini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ konqresmenlərindən ibarət nümayəndə heyətinin rəhbəri, Konqresin Silahlı qüvvələr və Nəqliyyat komitələrinin üzvü Bill Şuster deyib.

"Azərbaycan parlamentariləri ilə müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunulub və nümayən heyətinin üzvləri qeyd ediblər ki, ABŞ bu məsələnin dinc yolla həllinin tərəfdarıdır", - Şuster vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Çərşənbə günü Bakıya konqresmen Bill Şusterin başçılığı ilə ABŞ Konqresinin nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin tərkibinə Şusterlə yanaşı, konqresmenlər Kris Mörfi, Şon Daffi, Adam Kinzinger, Sedrik Riçmond və Con Ranyan daxildir.

ABŞ Konqresinin nümayəndə heyəti Bakıda ikitərəfli əlaqələri müzakirə edir. Artıq konqresmenlərin Azərbaycan Parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşləri olub.

Şusterin sözlərinə görə, ABŞ Azərbaycanla strateji əməkdaşlığı yüksək qiymətləndirir.

"ABŞ Azərbaycanın Əfqanıstan, İraq və Kosovoda, eləcə də Qərbin enerji təhlükəsizliyinin təminindəki fəaliyyətindən razıdır", - nümayəndə heyətinin rəhbəri vurğulayıb.

O, əlavə edib ki, ABŞ və Azərbaycanın maraqları əksər məsələlərdə üst-üstə düşür.

Xəbər lenti

Xəbər lenti