...

Azərbaycan Prezidenti AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 29 Aprel 2011 17:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda müvafiq qurumlara Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarının maddi-texniki bazasının daha da gücləndirilməsini və mövcud kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulmasını təmin etmək məqsədi ilə bir sıra tədbirlərin görülməsi həvalə olunub.

Sərəncamda Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasının yeni binasının 2011-2013-cü illərdə "Akademiya şəhərciyi" ərazisində (Hüseyn Cavid prospekti, 31) tikilməsi, Akademiyanın Rəyasət Heyətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə "Xəzər Elmi Tədqiqat Mərkəzi"nin yaradılması ilə bağlı təklifləri iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməsi qeyd olunub.

Milli Elmlər Akademiyasının Rəyasət Heyəti neft-kimya yönümlü institutların zəruri avadanlıqlarla təchiz edilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Sərəncamda qeyd olunur ki, Milli Elmlər Akademiyasının "Akademiya şəhərciyi" ərazisində yerləşən Fizika və Geologiya institutlarının, eləcə də Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binalarının 2011-2012-ci illərdə əsaslı təmiri həyata keçirilsin.

Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya şəhərciyi" ərazisindəki qeyri-akademik qurumların köçürülməsini təmin etməlidirlər.

Sərəncamda qeyd olunub ki, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti