Fotoşəkillər əlavə olunub (birinci xəbər 16:38-də yayılıb)
Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan, Bilgəh qəsəbələri və paytaxt istiqamətində yeni yol infrastrukturunun genişləndirilməsi işlərinin gedişi ilə tanış olub. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində yolların abadlaşdırılması, paytaxt sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi üçün yeni park və xiyabanların, yaşıllıq zolaqlarının salınması istiqamətində xeyli işlər görülüb.
Hava limanından şəhərə gələrkən Heydər Əliyev prospekti boyu həyata keçirilən abadlıq və quruculuq işləri ölkə əhalisində və xarici qonaqlarda xoş təəssürat yaradır.
Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev prospekti əsaslı surətdə yenidən qurulub, magistral genişləndirilərək yeni yol ötürücüləri və körpülər inşa edilib, yaşayış binalarının fasadları müasir səviyyədə təmir olunub.
Dövlətimizin başçısı paytaxt və paytaxtətrafı kəndlərdə, qəsəbələrdə həyata keçirilən abadlıq və quruculuq işlərini daim diqqət mərkəzində saxlayır.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev paytaxtın giriş qapısı hesab edilən Heydər Əliyev prospektinin şəhərə qədər olan hissəsinin daha da abadlaşdırılması, yol boyu yaşıllıq zolaqlarının salınması, Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan, Bilgəh qəsəbələri və paytaxt istiqamətində yeni yol infrastrukturunun genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Foto - Azərbaycan Prezidentinin rəsmi saytı