...

BƏƏ-də Azərbaycanın Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib (FOTO)

Siyasət Materials 27 May 2011 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi 28 May - Respublika Günü münasibəti ilə Abu-Dabi şəhərində rəsmi qəbul təşkil edib. Trend-in məlumatına görə, bu barədə səfirlikdən bildirilib.

Mərasimdə BƏƏ-nin energetika naziri Mohammed Bin Dhaen Al Hamili və xarici ticarət naziri Şeyxa Lyubna Xalid Əl Qasimi, Əbu Dabi Əmirliyinin hakim ailəsinin üzvü Şeyx Əhməd Bin Məhəmməd Əl Nahyan, iqtisadiyyat nazirinin müavini Mohammed Bin Abdul Əziz Əl Şihhi, BƏƏ XİN-in və digər hökumət qurumları və şirkətlərinin nümayəndələri, ölkədə akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların və BƏƏ-nin rəsmi siyasi-iqtisadi-ictimai dairələrinin tanınmış şəxsləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, BƏƏ-də yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbirin açılışında hər iki ölkənin himni səsləndirilib və Azərbaycanın mədəniyyəti, tarixi, təbiət guşələrini, memarlıq abidələrini əks etdirən telefilm nümayiş etdirilib.

Həmçinin tədbirdə, Bəhlulzadə, Nərimanbəyov kimi Azərbaycanın dünya miqyaslı rəssamlarının əsərləri, Azərbaycan mədəniyyətinin atributlarından sayılan Azərbaycan xalçalarının sərgisi keçirilib və Azərbaycandan dəvət olunmuş aşpazların hazırladığı geniş tərkibdə milli mətbəxin ləziz təamları və Azərbaycanda istehsal olunmuş müxtəlif meyvə şirələri qonaqlara təqdim edilib.

Tədbirdə fövqəladə və səlahiyyətli səfir Elxan Qəhrəmanov çıxış edərək 2011-ci ilin Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi olduğunu vurğuladı və Azərbaycan Demokratik Respublikasının tarixi, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra apardığı müdrik siyasəti nəticəsində Respublikamızın qısa müddət ərzində dünya ölkələri ilə bütün sahələrdə əlaqələrin inkişafından bəhs edərək, bu müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Səfir Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən nümayəndələrin qalib gəldiyini qeyd edərək, növbəti il müsabiqənin Bakı şəhərində keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Mərasimin sonunda, BƏƏ siyasi və ictimai dairəsində böyük maraq doğuran Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ haqqında həqiqi faktlar", Avropa - Azərbaycan Cəmiyyəti tərəfindən hazırlanmış "Azərbaycan haqqında yüz suala cavab" adlı kitablar və milli şirniyyat nümunələri bağlamalarda mərasimdə iştirak edən qonaqlara hədiyyə edilib.

Xəbər lenti

Xəbər lenti