...

Prezident İlham Əliyev: Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatı Dağlıq Qarabağ probleminin tezliklə həllini dəstəkləyir

Siyasət Materials 28 May 2011 08:34 (UTC +04:00)
Ölkə qarşısında duran əsas problem, bizim üçün ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatı verildi.
Prezident İlham Əliyev: Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatı Dağlıq Qarabağ probleminin tezliklə həllini dəstəkləyir

Ölkə qarşısında duran əsas problem, bizim üçün ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatı verildi. Bu bəyanatda da təxminən oxşar fikirlər səslənir ki, məsələ tezliklə öz həllini tapmalıdır, bunu mayın 27-də "Buta" sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

"Biz də bunun tərəfdarıyıq və məsələnin tezliklə həll olunmasında ən çox maraqlı olan tərəf Azərbaycandır. Biz dəfələrlə bu barədə həm rəsmi bəyanatlarda, həm aparılan danışıqlarda fikrimizi və narahatlığımızı ifadə etmişik ki, Ermənistan tərəfinə imkan verilməməlidir ki, danışıqları süni şəkildə uzatsın və danışıqlar prosesini sonsuz etsin. Yəni, belə narahatedici məqamlar var idi və bu barədə biz açıq şəkildə fikrimizi bildirmişdik. Son bəyanat bu mövqeyi dəstəkləyir ki, məsələ tezliklə öz həllini tapmalıdır, Helsinki Yekun Aktının əsasında öz həllini tapmalıdır" İlham Əliyev deyib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlət başçısının sözlərinə görə, bu da çox mühüm bəyanatdır və birinci dəfə deyil ki, səslənir.

"Ancaq bunu da deyə bilərəm ki, son müddət ərzində Helsinki Yekun Aktına bütün sənədlərdə istinad edilir. Helsinki Yekun Aktında isə ərazi bütövlüyü prinsiplərinin xalqların öz müqəddəratını müəyyənetmə prinsipləri ilə heç bir ziddiyyəti yoxdur. Əksinə, orada prinsiplərin prioritetləri də sadalanır və hər bir xalqın öz müqəddəratını təyinetmə hüquqları ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və bu da münaqişənin həlli üçün yeganə düsturdur" Prezident çıxışında söyləyib.

İlham Əliyev qeyd edib ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü pozulubdur.

"Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir. O qətnamələrdə işğalçı qüvvələrin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb edilir. ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələri Ermənistan tərəfindən icra edilmir. Belə olan halda biz əlbəttə ki, beynəlxalq ictimaiyyətin, beynəlxalq qüvvələrin bu məsələ ilə bağlı daha fəal olmasını alqışlayırıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tezliklə tapmalıdır. Bizim ərazi bütövlüyümüz pozulubdur. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür və bu ədalətsizlik davam edir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaq şərti ilə bütün dünya tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir.
Biz ümid edirik ki, danışıqlar öz nəticəsini verəcəkdir. Bu ümidləri möhkəmləndirən amillər son aylar ərzində kifayət qədər çox olmuşdur. Deyə bilərəm ki, ilk dəfə olaraq son aylar ərzində Minsk qrupunun həmsədr ölkələri tərəfindən status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatlar verilməyə başlanmışdır. Bu günə qədər,- baxmayaraq ki, Minsk qrupu 1992-ci ildə yaranıb və atəşkəs rejimi 1994-cü ildən qüvvədədir, - biz bu barədə belə dəqiq və ciddi bəyanatlar eşitməmişdik. Yəni, status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir" dövlət başçısı əlavə edib.

Prezident qətiyyətlə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

"Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh və əməkdaşlıq yarana bilər və bütün tərəflər hadisələrin bu cür inkişafından ancaq fayda götürə bilərlər. Bizim qəti mövqeyimiz bundan ibarətdir. Bir də demək istəyirəm ki, heç vaxt Azərbaycan dövləti Dağlıq Qarabağa müstəqillik verilməsi ilə barışmayacaq, heç vaxt buna razılıq verməyəcəkdir. Bir də demək istəyirəm ki, bu məsələ bizim üçün prioritet məsələdir, ən vacib məsələdir. Bütün səylərimizi səfərbər edib məsələnin həlli ilə bağlı lazımi addımları atırıq və atacağıq" İlham Əliyev çıxışında söyləyib.

Xəbər lenti

Xəbər lenti