Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/
GUAM-ın əhatə etdiyi dövlətlərin regionda yaşanan münaqişələrlə bağlı təşəbbüsləri əhəmiyyətlidir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda keçirilən GUAM Parlament Assambleyası ilə Baltik Assambleyasının "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransının açılışında GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elton Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etməklə Ermənistanın işğalçı siyasəti ilə qarşılaşıb.
"Beynəlxalq ictimaiyyət bu problemi çözmək əvəzinə ikili standartlar yürüdür", - Məmmədov deyib
Millət vəkili bildirib ki, konfransın keçirilməsi GUAM PA və Baltik Assambleyası arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.
Onun sözlərinə görə, konfrans çərçivəsində enerji təhlükəsizliyi, GUAM və Baltik regionunda siyasi sabitlik, inteqrasiya məsələləri, nanotexnologiyalar müzakirə olunacaq.
Məmmədov qeyd edib ki, son illərdə iki qurum arasında əlaqələr inkişaf edir.
"Bu iki qurum Xəzər, Qara və Baltik dənizlərini əhatə edən bir əməkdaşlıq qururlar", - deputat deyib.
Konfransın açılışında GUAM PA-nın sədri Anatoli Dimitriu bildirib ki, GUAM PA-nın Bakıda keçirilən iclası quruma üzv olan ölkələrin Avropa İttifaqına yaxınlaşması üçün böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, GUAM ölkələri arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə ehtiyac var.
Dimitriu nəqliyyat və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. "GUAM ölkələri beynəlxalq əməkdaşlığı da ön plana çəkməlidirlər", - o qeyd edib.