Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.Mehdiyev/
Çərşənbə axşamı Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Qətər Xəbərlər Agentliyi (QNA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Trend-in məlumatına görə, imzalanma mərasimindən əvvəl Qətər Xəbərlər Agentliyinin baş direktoru Əhməd Səad Abdulaziz əl-Buayneyn və xəbərlər redaksiyasının müdiri Abdullah Əbdürrəhman ilə AzərTAc-da görüş olub. Görüşdə AzərTAc-ın baş direktoru Aslan Aslanov qonaqlara 1920-ci ildə, Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış rəsmi informasiya agentliyinin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat vermib.
AzərTAc-ın QNA agentliyi ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladan baş direktor hər iki agentlik arasında informasiya mübadiləsinin həyata keçirilməsinin də vacibliyini bildirib, bu baxımdan imzalanacaq memorandumun əhəmiyyətini vurğulyıb.
Əhməd Səad Abdulaziz əl-Buayneyn ətraflı məlumata görə təşəkkür edib, agentliklər arasında informasiya mübadiləsinin həyata keçirilməsinin zəruriliyi ilə bağlı fikirləri dəstəklədiyini söyləyib. QNA-nın AzərTAc ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyən qonaq, memorandumun xəbər agentlikləri arasında əlaqələrin inkişafında yeni mərhələ olacağını qeyd edib.
Sonra geniş tərkibdə davam edən görüşdə Aslan Aslanov və Əhməd Səad Abdulaziz əl-Buayneyn AzərTAc ilə QNA agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.
Memorandum tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə hər iki agentlik arasında xəbər, fotoşəkil, təcrübə və jurnalist mübadiləsini, üzv olduqları beynəlxalq və regional alyanslar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
İmzalanma mərasimində memorandumun dövlətlərimiz arasında informasiya sahəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacağı qeyd edilib.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Qətərin Azərbaycandakı səfiri Şeyx Mübarək bin Fəhd Casim Al Tani tədbirdə iştirak edib.