Azərbaycan, Bakı, 16 dekabr / Trend, müxbir S.Ağayeva /
Bu gün Moskvada öz işinə başlayan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən bildirilib.
QİƏT XİNŞ-nin 25-ci iclası çərçivəsində kənd təsərrüfatı, nəqliyyat və fövqəladə hallar nazirlərinin görüşlərinin nəticələri daxil olmaqla, Rusiyanın bu təşkilata sədrliyinin (2011-ci il iyun-dekabr) yekunları müzakirə olunacaq.
Bundan əlavə, xarici işlər nazirləri təşkilatın effektivliyinin yüksəldilməsi yolları, gələcəkdə regional əməkdaşlığın möhkəmləndirilməsi, Qara dəniz ətrafı dövlətlərin qarşılıqlı əlaqələrinin daha tələbli layihələrinin inkişafı üzrə üzv ölkələrin fəaliyyətinin aktivləşməsi barədə də fikir mübadiləsi aparacaqlar.