...

Bank Melli İranın sabiq rəhbəri beynəlxalq axtarışa verilib

Siyasət Materials 19 Dekabr 2011 16:20 (UTC +04:00)
2,8 milyard dollarlıq maliyyə qalmaqalında adı hallanan və vəzifəsindən istefa verərək Kanadaya getmiş Bank Melli İranın sabiq icraçı direktoru Mahmudrza Xavəri İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.
Bank Melli İranın sabiq rəhbəri beynəlxalq axtarışa verilib

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir T.Cəfərov/

2,8 milyard dollarlıq maliyyə qalmaqalında adı hallanan və vəzifəsindən istefa verərək Kanadaya getmiş Bank Melli İranın sabiq icraçı direktoru Mahmudrza Xavəri İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. Bunu İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

"Xavərinin ölkəyə geri dönməyəcəyinə əmin olduqdan sonra onu İnterpola verdik. Hazırda İnterpol bu işlə məşğuldur", - Əjeyi bildirib.

Əjeyi əlavə edib ki, Xavəriyə məxsus bir neçə beynəlxalq şirkətin də siyahısı interpola təqdim edilib.

Sentyabrın 28-də İranın Saderat Bankının sabiq icraçı direktoru Məhəmməd Cəhromi Bank Melli İranın sabiq direktoru Mahmudrza Xavərinin istefa verərək Kanadaya qaçdığını demişdi.

Xavəri sentyabrın 27-də İranın bank sistemində baş vermiş maliyyə qalmaqalı ilə bağlı öz istefa ərizəsini ölkənin iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyniyə təqdim etmişdi. Xavəri istefa ərizəsində ölkədə baş verən son maliyyə qalmaqalında Bank Melli İranın şöbələrindən birinin də əli olmasına görə ali lider Əli Xamneyi və ölkə vətəndaşlarından üzr istəmişdi.

Noyabr ayında İranda ölkənin Saderat Bankından 2,8 milyard dolları korrupsiya (oğurluq) yolu ilə mənimsəməkdə şübhəli bilinən 50 nəfər həbs olunub. Şübhəli bilinən şəxslər İranın Saderat Bankının Xuzistan əyalətindəki filiallardan biri tərəfindən (LC) kredit xətti açaraq Bank Melli İranın Kiş şəhəri filialından həmin vəsaiti qanunsuz çıxarmaqda ittiham olunurlar.

Hadisə ilə bağlı Bank Melli İranın direktoru Məhəmmədrza Xavəri istefa verib və Kanadaya qaçıb. Saderat və Saman banklarının direktorları isə işdən çıxarılıblar. Bundan başqa, noyabrın əvvəlində İran Mərkəzi Bankının sədr müavini Həmid Purməhəmmədi və İran Prezident Administrasiyasının sabiq rəhbəri, Prezident Ofisinin başçısı İsfəndiyar Rəhim Məşayinin yaxın qohumu İnayətullah Riyahi həbs olunub.

Cari ilin iyun ayında da Prezident Mahmud Əhmədinejad və Prezident Administrasiyasının sabiq rəhbəri İsfəndiyar Rəhim Məşayiyə yaxın bir neçə nəfər korrupsiyada ittiham olunaraq həbs olunublar.

Xəbər lenti

Xəbər lenti