Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Qandzasar kilsəsinin tarixi barədə sensasiyalı məlumatlar açıqlayıb.
Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov cümə günü Trend-ə bildirib ki, əldə olunmuş tarixi sənədlərdə ermənilərin özlərinin "Notrdam"ı adlandırdıqları kilsənin tarixən qədim albanlara aid olması müəyyən edilib.
"Hətta erməni əsilli məhşur sovet alimi İosif Orbelinin 1919-cu ildə kilsənin tarixi ilə bağlı yazdığı kitab həmin il də tirajdan çıxarılıb. Çünki ermənilərin Qarabağı özününküləşdirməyə cəhd göstərdikləri dövrdə kitab Qandzasar kilsəsinin tarixi alban mədəniyyəti abidəsi olmasını sübut edirdi", - o deyib.
Axundov qeyd edib ki, əldə olunmuş materiallar www.erevangala500.com saytında yerləşdiriləcək.
Onun sözlərinə görə, gələcəkdə bütün materiallar toplandıqdan sonra kitab şəklinə salınması da gözlənilir.
Qeyd edək ki, Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının etnogenezinin elementini təşkil edən Qafqaz albanlarının əsas əyalətlərindən biri olub. Onun ilkin adı olaraq "Arsaq" ifadəsinə ilk dəfə Zərdüştlüyün müqəddəs kitabı olan Avestada rast gəlinir. Həmin dövrdə Zərdüştlük Albaniyada geniş yayılmışdı. Eramızın dördüncü əsrinin əvvəllərində isə xristian dini Qafqaz Albaniyasının rəsmi dövlət dini elan edilib və Alban kilsəsi xristianlığın ən qədim kilsələrindən biri hesab edilib. Alban katalikosluğunun iqamətgahlığı əvvəlcə Dərbənddə, Qəbələdə, Bərdədə yerləşirdisə, sonrakı iqamətgah 13-cü əsrdə Qandzasar kilsəsi olub. Onun tikilməsi Alban milli kimliyinin intibah dövrünə təsadüf edir. Həmin dövrdə yaradılan Xaçın knyazlığının çarı Həsən Cəlali özünü bütün albanların çarı elan etmişdi. Qafqaz Albaniyasında yaşayan albanlar öz milli kimliyini 19-cu əsrə qədər qoruyub saxlamışdılar. Hələ 1720-ci illərdə Dağlıq Qarabağda yaşayan xristianlar özlərini alban hesab edirdilər və Qafqaz Albaniyasının qısa tarixi əsərinin yazılması bunu bir daha sübut edir.