...

Vaşinqtonda Azərbaycan regional lider kimi xarakterizə edilib

Siyasət Materials 28 Mart 2012 10:12 (UTC +04:00)
Vaşinqtonda Azərbaycan regional lider kimi xarakterizə edilib
Vaşinqtonda Azərbaycan regional lider kimi xarakterizə edilib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Mehdiyev/

Martın 27-də ABŞ-ın aparıcı analitik mərkəzlərindən biri olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (Center For Strategic&International Studies) "Xəzər hövzəsində inkişafın perspektivləri: ABŞ-la diplomatik münasibətlərin iyirmi illiyi" mövzusunda konfrans keçirilib.

"Diplomatik münasibətlərin iyirmi illiyi" və "İqtisadi inkişafa gedən yol: enerji, boru kəmərləri və iqtisadi islahatlar" başlıqlı iki paneldən ibarət olan konfransın aparıcıları "Heritage" Fondunun eksperti Ariel Koen və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi Janusz Bugajski olub.

Konfransda Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star, Yaxın Şərq İnstitutunun araşdırmacısı Aleks Vatanka (Alex Vatanka), "Jamestown" Fondunun prezidenti Qlen Hovard (Glen Howard), Corc Vaşinqton Universitetinin professoru Marlene Laruelle, BP-nin Vaşinqtondakı ofisinin baş direktoru Qreq Saunders (Greg Saunders), Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-dakı səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Nərgiz Qurbanova, Gürcüstanın ABŞ-dakı səfirliyinin müvəqqəti işlər vəkili David Rakviaşvili və Dünya Bankının Azərbaycan üzrə mütəxəssisi Raşmi Şankar (Rashmi Shankar) çıxış edib.

Star və Koen çıxışlarında Azərbaycanın regionda artan rolu barədə yekdil fikirlərini bölüşərək, Azərbaycanın enerji təhlükəsizliyinin təminində və ekstremizm və terrorçuluğa qarşı mübarizədə töhfəsindən bəhs edib, o cümlədən ABŞ və İsraillə sıx əməkdaşlıq münasibətlərinin, bu yaxınlarda İsrail və ABŞ vətəndaşlarına qarşı sui-qəsdin qarşısının alınmasının təqdirəlayiq hal olduğunu xüsusilə vurğulayıblar. Saunders isə Azərbaycanı Avropanın enerji tələbatının ödənilməsi və enerji təhlükəsizliyinin təminində mühüm aktyor kimi xarakterizə edərək, Azərbaycanın Avroatlantik inteqrasiya istiqamətinə sadiqliyinin mühüm element olduğunu qeyd edib.

Qurbanova son illər ərzində Azərbaycanın yüksəlməkdə olan iqtisadi göstəricilərinə istinad edərək, Azərbaycanın artıq sərmayə yatıran dövlət olduğunu bildirib, bu xüsusda Azərbaycanın Gürcüstanda ən böyük vergi ödəyicisi, Türkiyədə isə ən irimiqyaslı layihənin müəllifi olduğunu diqqətə çatdırıb.

Konfransın yekununda əsas natiq qismində çıxış edən səfir Elin Süleymanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş regional inteqrasiya və qonşu dövlətlərlə əməkdaşlıq strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın Türkiyə və Gürcüstanla əlaqələrinin nümunəvi qonşuluq münasibətlərinin bariz nümunəsi olduğunu vurğulayıb. Səfir həmçinin ABŞ-ın regionla bağlı uzunmüddətli strategiyasının olmasının vacibliyini vurğulayıb və regionun hərtərəfli inkişafının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti