...

Azərbaycan Parlamenti erməni deputatların etirazını cavablandırıb

Siyasət Materials 6 Aprel 2012 12:44 (UTC +04:00)
Erməni deputatlar Milli Məclisdə Avronest PA-nın iclası zamanı "Xocalıda törədilənləri varvarlar və faşistlər edib" deyilməsinə etiraz etməklə bu faciəni törətdiklərini etiraf etdilər.
Azərbaycan Parlamenti erməni deputatların etirazını cavablandırıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Erməni deputatlar Milli Məclisdə Avronest PA-nın iclası zamanı "Xocalıda törədilənləri varvarlar və faşistlər edib" deyilməsinə etiraz etməklə bu faciəni törətdiklərini etiraf etdilər. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Parlamentin cümə günü keçirilən iclasında Avronestin Bakıda keçirilən plenar sessiyası zamanı erməni deputatların etiraz çıxışlarına münasibət bildirərkən deyib.

"Assambleyada Ermənistan nümayəndə heyəti iştirak edirdi və biz çalışdıq ki, yüksək səviyyədə qonaqpərvərliklə onları qarşılayaq. Baxmayaraq ki, bizim millət vəkillərimiz Ermənistanda problemlə üzləşmişdi", - Əsədov qeyd edib.

Spiker təəssüflə bildirib ki, sessiyanın son günlərində ermənilər bir bəhanə tapıb narazılıq yaratdılar.

Əsədov əlavə edib ki, Avronest PA-nın sessiyasının Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan istənilən səviyyədə beynəlxalq tədbirləri həyata keçirməyi bacarır.

Deputat Elman Məmmədov bildirib ki, Xocalıda və Qarabağın digər bölgələrində ermənilərin törətdiyi əsl faşizm nümunəsi idi.

"20 ildir insanları öz torpaqlarından qovmuş, minlərlə insanı qətlə yetirmiş, qəbiristanlıqları dağıtmış və digər cinayətlər törətmiş şəxslərə bundan başqa nə demək olar?", - Məmmədov deyib.

Deputat Asim Mollazadə isə çıxışında qeyd edib ki, Xocalıda hərbi cinayəti törədənlər beynəlxalq tribunala cəlb olunmalıdır. "Azərbaycanın hüquq-mühafizə orqanları və diplomatik qurumları beynəlxalq tribunalın qurulmasına səy göstərməlidir", - o deyib.

Deputat bildirib ki, buna dəstək üçün Milli Məclis bütün Avropa ölkələrinin parlamentlərinə müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti