...

Azərbaycan və Türkiyə QHT və beyin mərkəzlərinin münasibətlərinin inkişafı müzakirə olunub

Siyasət Materials 13 Aprel 2012 15:34 (UTC +04:00)
Bakıda cümə günü "Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyi: QHT və beyin mərkəzlərinin bu münasibətlərin inkişafında yeri və rolu" adlı elmi-praktik konfrans keçirilib.
Azərbaycan və Türkiyə QHT və beyin mərkəzlərinin münasibətlərinin inkişafı müzakirə olunub

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda cümə günü "Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyi: QHT və beyin mərkəzlərinin bu münasibətlərin inkişafında yeri və rolu" adlı elmi-praktik konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda Azərbaycan deputatları, media qurumlarının, QHT-lərin rəhbərləri ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (QDİƏT PA) Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasiya Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Dərnəyinin sədri İsmail Safi və Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri, "EkoAVRASYA" dərgisinin sahibi Hikmət Eren iştirak ediblər.

Tədbirin açılışında "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Qənirə Paşayeva Azərbaycanla Türkiyə arasında yüksəksəviyyəli əlaqələrin kifayət qədər inkişaf etdiyi bir vaxtda iki ölkə QHT-ləri arasında birgə işin qənaətbəxş olmadığını bildirib. Onun sözlərinə görə, iki ölkənin ictimai təşkilatları arasında geniş iş birliyi qurulmalı, birgə layihələr həyata keçirilməli, iş birliyi koordinasiya olunmalıdır.

Paşayeva tədbirdə, həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq deyib ki, bu problem hər iki ölkənin ortaq məsələsidir. O deyib ki, Türkiyədən gələn deputatlarla birgə Xocavənd rayonunda qondarma "erməni soyqırımı" iddia və yalanlarının qarşısının alınması istiqamətində QHT-lərin və KİV-lərin vəzifələri müzakirə olunacaq.

Türkiyəli deputat İsmail Safi tədbirdə çıxışında ictimai birliklərin cəmiyyətə və dünyada gedən proseslərə təsir gücünün böyük olduğunu bildirib. O qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə QHT-lərin imkanlarından kifayət qədər yararlanmalıdır.

Azərbaycanın QDİƏT PA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Asəf Hacıyev isə tədbirdə Azərbaycan-Türkiyə birliyindən söz açıb. O qeyd edib ki, hər iki ölkə ictimaiyyətinin əsas məqsədi bu birliyi real prosesə çevirmək olmalıdır. Deputat türk əxlaqı və zəngin türk mədəniyyətindən söz açaraq bunların ən ali dəyərlər olduğunu vurğulayıb.

Konfransda "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov bildirib ki, Azərbaycan və Türkiyənin QHT-ləri və KİV nümayəndələri Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çalışmalıdırlar.

Xəbər lenti

Xəbər lenti