Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cümə axşamı qurumun "Azərbaycan" qəzeti redaksiyası ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar olaraq təşkil etdiyi "Heydər Əliyev və müasir Azərbaycan: qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir" mövzusunda tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirin açılışında komitənin sədri Əli Həsənov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində oynadığı müstəsna roldan danışıb.
"Heydər Əliyev ailəsinin tərkibinə nəzər salsaq görərik ki, ailə üzvlərinin əksəriyyəti elm adamıdır, akademikdir. Heydər Əliyev isə dünya siyasətçilərinin içərisində liderdir", - o deyib.
Həsənov qeyd edib ki, Azərbaycan bir çox tarixi şəxsiyyətlər yetişdirib, lakin onların çoxu ölkə hüdudlarında tanınıb, Heydər Əliyev isə dünya üzrə şöhrət qazanmış azərbaycanlılardandır.
"Ulu öndər Heydər Əliyev "Mən fəxr edirəm ki, azərbaycanlıyam" deyən və deməyə haqqı olan birinci adamdır", - o deyib.
Həsənovun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir.
Həsənov həmçinin tədbirdə akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" adlı iki cildlik kitabı təqdim edib.
Tədbirdə "Müasir Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir və möhkəmlənir" mövzusunda çıxış edən "Azərbaycan" qəzetinin redaktoru, deputat Bəxtiyar Sadıqov bildirib ki, ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdanda Azərbaycan 1 milyona qədər qaçqın və köçkün problemi ilə üz-üzə qalmışdı. O qeyd edib ki, Heydər Əliyev bu məsələ ilə gündəlik maraqlanaraq, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini cəlb edib.
"Hazırda Azərbaycanın BMT təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və digər uğurları Heydər Əliyevin müəyyən etdiyi strategiyanın İlham Əliyev tərəfindən həyata keçirilməsinin nəticəsidir", - o deyib.
Deputat Azərbaycanın ordu quruculuğuna toxunaraq bildirib ki, əgər hansısa ölkə bundan narahatdırsa, ikili standartlardan əl çəkməlidir.
"Ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də vurğulayıblar ki, bir qarış torpağımızı heç kəsə güzəştə getməyəcəyik", - o deyib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson "Komissarlığın Azərbaycan höküməti ilə 20 illik uğurlu əməkdaşlığı" mövzusunda çıxış edərək bildirib ki, BMT ötən 20 ildə Azərbaycanda qaçqınlarla bağlı problemə 65 milyon dollardan çox vəsait xərcləyib. İqtisadi inkişaf və neft gəlirlərinin artması ilə bərabər Azərbaycan hökuməti məcburi köçkünlərin problemlərinin həllinə ayrılan vəsaiti də ilbəil artırıb. O, bu il ərzində məcburi köçkünlərin yaşadıqları yerlərdə olduğunu və onların üzləşdiyi çətinliyi gözləri ilə gördüyünü vurğulayıb.
"Heydər Əliyev və müasir Azərbaycan: qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir” mövzusunda tədbir keçirilib
"Heydər Əliyev və müasir Azərbaycan: qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir” mövzusunda tədbir keçirilib
