Azərbaycan, Bakı, 30 may /Trend/
"Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilən final mərhələsinin rəsmi sponsoru olan ARDNŞ-nin dəvəti ilə ABŞ-ın müxtəlif ştatlarının qanunverici orqanlarını təmsil edən 50-dən artıq konqresmen, 19 senator, merlər, hazırkı və sabiq prokurorlar, səfirlər, keçmiş nazirlər, incəsənət adamları, habelə tanınmış ictimai xadimlərdən ibarət nümayəndə heyətinin mayın 24-dən başlanmış Azərbaycan səfəri mayın 29-da uğurla başa çatmışdır.
Trend-in məlumatına görə, bu səfər amerikalı qonaqlara ölkəmizi və xalqımızı daha yaxından tanımaq, zəngin tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz, milli dəyərlərimiz haqqında birbaşa, vasitəçilərin iştirakı olmadan ətraflı məlumat almaq imkanı yaratmışdır.
Xəbər verildiyi kimi, səfərin ilk günlərində qonaqlar Azərbaycan Respublikasının Milli Məclisində, Heydər Əliyev Fondunda, Azərbaycan Diplomatik Akademiyasında, Dillər Universitetindəki Amerika Mərkəzində olmuş, görüşlər keçirmiş, şəhər turuna çıxmış və Qala Tarix-Etnoqrafiya Qoruğuna səfər etmişlər.
Sonrakı günlərdə onlar "Eurovision-2012" mahnı müsabiqəsinin finalını "Bakı Kristal Zalı"nda canlı olaraq izləmiş, Qobustan Dövlət Tarixi Bədii Memarlıq Qoruğuna və ARDNŞ-nin "Ekoloji parkı"na səyahətlər etmiş, Azərbaycan Dövlət Tarix Muzeyində və Nobel qardaşlarının Bakıda inşa etdirdikləri "Villa Petrolea"da olmuş, "Azər-İlmə" Biznes Mərkəzində qədim xalçaçılıq nümunələri ilə tanış olmuş, müasir xalçaçıların əl işlərinə tamaşa etmişlər. Hana ilə ilmələr toxumaq onlara xüsusi zövq vermişdir.
Səfərin son günü amerikalı qonaqlar Azərbaycan Dövlət Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun "Min bir gecə" baletinin tamaşasına baxmışlar. Azərbaycan musiqi sənətinin bu möhtəşəm nümunəsi onlarda böyük təəssürat doğurmuşdur. Tamaşadan sonra Respublika günü münasibəti ilə Bakıda keçirilən bayram atəşfəşanlığını seyr etmələri isə yəqin ki, uzun müddət onların yaddaşlarında qalacaq: qonaqlar əsl emosional coşqunluq əhval-ruhiyyəsi yaşamışlar.
28 may - Respublika günü münasibəti ilə qonaqların qaldığı "Jumeirah" otelində ARDNŞ prezidenti Rövnəq Abdullayevin adından rəsmi ziyafət verilmişdir. ARDNŞ prezidenti qonaqlar qarşısında çıxış edərək Azərbaycan xalqı üçün əlamətdar olan belə bir gündə amerikalı qonaqların Bakıda olmasını yüksək qiymətləndirmiş, bildirmişdir ki, hələ 1918-ci ildə Azərbaycan demokratik idealları, insan hüquqlarını öz dövlət siyasətinin prioritetləri olaraq bütün dünyaya bəyan etmiş, Amerika və Avropa ölkələrindən xeyli əvvəl qadınlara azad seçkilərdə iştirak etmək hüququ tanımışdır. Azərbaycanın demokratik ənənələrə sadiqliyini, mütərəqqi dəyərlərin daha da inkişaf etdiyini, ölkəmizin beynəlxalq birlikdə özünə layiqli yer tutduğunu nəzərə çatdıran Rövnəq Abdullayev respublikamızın dünyada tanınmasında belə səfərlərin böyük rol oynadığını vurğulamışdır.
ABŞ-ın müxtəlif ştatlarını təmsil edən konqresmen və senatorlar Azərbaycana səfərin böyük maraqla keçdiyini söyləmiş, dəvətə görə ARDNŞ prezidentinə təşəkkürlərini bildirmiş, qeyd etmişlər ki, bu səfər onların Azərbaycan haqda təsəvvürlərini dəyişmiş, ölkəmizi yenidən kəşf etmələri üçün geniş imkanlar vermişdir. Onlar Azərbaycanın demokratiya və insan hüquqlarına hörmət ruhunda inkişaf etdiyini yüksək qiymətləndirmiş, bildirmişlər ki, Azərbaycan həqiqətlərinin Amerika və dünya ictimaiyyətinə çatdırılması üçün əllərindən gələni edəcəklər.
ARDNŞ-nin əksəriyyəti xarici universitetlərdə, xüsusilə ABŞ-da təhsillərini şirkətin Təqaüd Proqramı çərçivəsində başa vurmuş gənc əməkdaşlarından ibarət könüllülər qrupu bütün səfər boyu Amerikalı qonaqları müşayiət etmiş, tədbirlərin keçirilməsində yüksək fəallıq göstərmişlər. Bakının görkəmli yerləri, tarixi abidələri, mədəniyyət mərkəzləri, sadə insanları ilə tanışlıq qonaqlarda böyük heyranlıq doğurmuşdur. Təsadüfi deyil ki, Florida ştatı Nümayəndələr Palatasının üzvü Daphne Campbell Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərlə ABŞ nümayəndə heyətinin səfər təəssüratlarını bölüşərkən demişdir: "Azərbaycanlıların qonaqpərvərliyi bütün gözləntilərimizdən daha üstün oldu. Mən məmnuniyyətlə bir daha Azərbaycana gəlmək istərdim".