...

Azərbaycanın siyasi partiya rəhbərləri: Əli Kərimli ilə İsa Qəmbər bir-birlərinə güzəştə getməyəcəklər

Siyasət Materials 6 İyul 2012 17:30 (UTC +04:00)
Azərbaycanın siyasi partiya rəhbərləri prezident seçkilərində İctimai Palatadan (İP) vahid namizədin irəli sürülməsinin mümkünsüz olduğunu düşünürlər.
Azərbaycanın siyasi partiya rəhbərləri: Əli Kərimli ilə İsa Qəmbər bir-birlərinə güzəştə getməyəcəklər

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın siyasi partiya rəhbərləri prezident seçkilərində İctimai Palatadan (İP) vahid namizədin irəli sürülməsinin mümkünsüz olduğunu düşünürlər.

Vəhdət Partiyasının sədri Tahir Kərimli Trend-ə açıqlamasında bildirib ki, İP-də prezidentliyə namizədlər heç vaxt bir-birilərini dəstəkləməyiblər.

"Bildiyiniz kimi, İP-də əsas siyasi qüvvələrdən prezidentliyə namizəd İsa Qəmbər və Əli Kərimlidir, lakin bunlar keçmişdə heç vaxt bir-birilərini müdafiə etməyiblər. Yadınızdadırsa, 2003-cü il prezident seçkilərində Əli Kərimli İsa Qəmbəri deyil, Etibar Məmmədovu müdafiə etdi. İndi də, göründüyü kimi, tərəflərin heç biri bir-birilərinə güzəştə getmək fikrində deyil", - Kərimli deyib.

Onun sözlərinə görə, vahid namizəd məsələsi "saqqız kimi uzanır".

Vahid namizədin müəyyənləşdirilməsi üçün ilkin seçki - praymerz keçirilməsinə münasibət bildirən partiya sədri bunun Azərbaycanda mümkünsüz olduğunu qeyd edib.

Onun sözlərinə görə, praymerz qaydası açıq tipli partiyalarda olur.

"Azərbaycanda partiyalar qapalı olduğuna görə, praymerz ancaq partiyadaxili keçirilə bilər. Bu, nəticəsiz bir məsələdir. Mən Azərbaycanda praymerz yolu ilə vahid namizədin müəyyənləşdirilməsinə inanmıram", - Kərimli deyib.

Azadlıq Partiyasının sədri Əhməd Oruc da vahid namizəd məsələsi barədə müsbət fikirdə deyil. O hesab edir ki, İP adi bir məsələni, vahid namzəd məsələsini müzakirə edə bilməyəcək dərəcədə zəif qurumdur.

Oruc onların bu istiqamətdə ciddi uğur qazanacağına inanmadığını deyib.

Praymerz məsələsinə toxunan partiya sədri qeyd edib ki, bu, yalnız İP nümayəndələri arasında keçirilə bilməz, demokratik düşərgənin namizədləri arasında olmalıdır.

"Bu varianta da yəqin ki, onlar getməyəcəklər. Onlar belə rəy yaradırlar ki, Azərbaycan müxalifəti deyəndə iki namizəd var, İsa Qəmbər və Əli Kərimli və bu görüntü altında da illüziya yaradırlar. Bu, reallığı bir qədər əks etdirmir, daha ciddi namizədlər prosesdən kənardadırlar", - Oruc bildirib.

Xəbər lenti

Xəbər lenti