...

İran XİN: Azərbaycan və İranın dövlət rəsmiləri ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasını istəyir

Siyasət Materials 24 Avqust 2012 20:20 (UTC +04:00)
İran-Azərbaycan münasibətləri qarşılıqlı hörmət və yaxşı qonşuluq siyasəti üzərində qurulub.
İran XİN: Azərbaycan və İranın dövlət rəsmiləri ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasını istəyir

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir T.Cəfərov/

İran-Azərbaycan münasibətləri qarşılıqlı hörmət və yaxşı qonşuluq siyasəti üzərində qurulub. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə İranın xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Seyyid Abbas Əraqçi deyib.

"Ötən 20 il ərzində bu yaxşı münasibətlər davam edib və biz həmişə münasibətlərin yaxşı səviyyədə davam etdirilməsinin marağındayıq. Hər bir ölkənin münasibətləri enişli-yoxuşlu ola bilər. Hər iki dövlətin rəsmilərinin istəyi budur ki, münasibətlər ən yüksək səviyyəyə çatdırılsın. Bunun üçün altı aydan bir xarici işlər nazirlərinin müavinləri səviyyəsində mütəmadi görüşlərimiz olur", - Əraqçi bildirib.

Nazir müavini qeyd edib ki, onun hazırkı səfəri bu görüşlərin davamıdır.

"Bugünkü görüşdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələləri, eləcə də Dağlıq Qarabağ problemini müzakirə etdik. Bir daha Azərbaycan Prezidenti İlham Əliyevi Tehranda keçiriləcək Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin rəhbərlərinin iclasına dəvət etdim. Azərbaycanın yeni üzv kimi yeni ideyalarla bu iclasda iştirakı iclasın uğuruna təsir edə bilər", - Əraqçi vurğulayıb.

Nazir müavini qeyd edib ki, Azərbaycan Prezidentinin səfəri ikitərəfli münasibətlərin inkişafında yeni dönəm yarada bilər.

Əraqçi onu da bildirib ki, yaxın gələcəkdə Bakıda Azərbaycan-İran hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti