...

Azərbaycan ilə Albaniya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 17 Sentyabr 2012 17:39 (UTC +04:00)
Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin Albaniyaya rəsmi səfəri başlayıb.
Azərbaycan ilə Albaniya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin Albaniyaya rəsmi səfəri başlayıb.

Milli Məclisin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfərin ilk günü Əsədov Albaniya Prezidenti Buyar Nişani ilə görüşüb.

Albaniya Prezidenti dost Azərbaycan ilə əlaqələrin inkişafına ölkəsində böyük önəm verdiklərini bildirib, bu cür səfərləri yüksək qiymətləndirib. Qeyd olunub ki, qarşılıqlı səfərlər əlaqələrimizin daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Parlament diplomatiyası xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin genişlənməsində xüsusi rola malikdir və buna öz töhfəsini verə bilər. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu söyləyən Albaniya Prezidenti iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, Albaniyada biznes və sərmayə qoyuluşu üçün yaxşı şərait mövcuddur. Bu mühitin qorunması üçün lazımi qanunvericilik bazası yaradılıb.

Prezident Buyar Nişani Azərbaycanın iş adamlarını ölkəsinə dəvət edib və deyib ki, Milli Məclisin nümayəndə heyətinin bu səfəri ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verəcək.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Albaniya dövlətinin başçısına çatdırıb. Qeyd edilib ki, dövlətimizin başçısı Albaniya ilə əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə xüsusi önəm verir. Azərbaycan Albaniya ilə əlaqələrin inkişafında maraqlıdır.

Oqtay Əsədov Buyar Nişanini Albaniya Prezidenti seçilməsi münasibətilə təbrik edib və belə bir inamı ifadə edib ki, onun prezidentliyi dövründə Albaniya daha böyük uğurlara imza atacaq. Milli Məclisin sədri bildirib ki, siyasi münasibətlərimizin yaxşı səviyyədə olmasına rəğmən, indiyədək dövlətlərimiz arasında cəmi 4 sənəd imzalanıb. Daha üç sənəd Albaniya tərəfində baxılmaqdadır.

"Düşünürük ki, əməkdaşlığımızın daha da güclənməsi üçün müqavilə-hüquq bazasını inkişaf etdirmək vacibdir", - Əsədov deyib.

Görüşdə Azərbaycanın hərtərəfli inkişafı, mühüm beynəlxalq layihələrdəki rolu və digər vacib məqamlar diqqət mərkəzində olub. Azərbaycanın, eləcə də ümumilikdə regionun inkişafına mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti bir daha diqqətə çatdırılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Albaniya Prezidenti Buyar Nişani ikitərəfli əlaqələrə böyük önəm verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini və səmimi salamlarını çatdırmağı xahiş edib.

Milli Məclisin sədri Oqtay Əsədovun Albaniya parlamentinin sədri xanım Jozefina Topalli ilə də görüşü olub. Sonra danışıqlar hər iki nümayəndə heyətləri arasında davam etdirilib.

Görüşdə parlamentlərarası münasibətlərin inkişafı, təcrübə mübadiləsi, parlament diplomatiyası, dostluq qruplarının fəallığının artırılması, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, mədəni, turizm, kənd təsərrüfatı, energetika, elm kimi mühüm sahələrdə əməkdaşlıq etmək üçün daha geniş potensial imkanlar mövcuddur. Bu imkanlardan istifadə edərək əlaqələrimizi hərtərəfli genişləndirə və inkişaf etdirə bilərik. Parlamentlərimiz isə bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinə töhfəsini verə bilər.

Oqtay Əsədov yüksək qonaqpərvərliyə görə Jozefina Topalliyə təşəkkürünü bildirib. Topalli 2010-cu ildə Azərbaycana rəsmi səfərini xatırlayaraq bu səfərin onda mühüm izlər buraxdığını söyləyib. Azərbaycanda gedən inkişafı və aparılan islahatları yüksək qiymətləndirən xanım Topalli belə qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə deputatlarımızın qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda daha fəal və birgə fəaliyyəti, dostluq qruplarının işi və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Albaniya parlamentinin qonaqlar kitabına ürək sözlərini yazıb.

Hər iki ölkənin parlament sədrləri görüşün nəticələri ilə bağlı jurnalistlər qarşısında fikirlərini açıqlayıblar.

Görüşlərdə Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti