...

Azərbaycanda miqrasiya sahəsində çalışanlar üçün yeni medallar təsis olundu (FOTO)

Siyasət Materials 16 Noyabr 2012 20:55 (UTC +04:00)
Prezident İlham Əliyev "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli qanununun tətbiqi haqqında fərman imzalayıb.
Azərbaycanda miqrasiya sahəsində çalışanlar üçün yeni medallar təsis olundu (FOTO)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Prezident İlham Əliyev "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli qanununun tətbiqi haqqında fərman imzalayıb.

"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamədə qeyd olunur ki, "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə miqrasiya orqanlarının xüsusi rütbəsi olan işçiləri aşağıdakılara görə təltif edilirlər:

- miqrasiya orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə;
- xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə və xidməti vəzifələrinin icrasına nümunəvi yanaşdıqlarına görə;
- miqrasiya orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə.

"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamədə deyilir ki, "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalı ilə Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluğunun hər il martın 19-dək 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan işçilər vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər.

"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medalının 3 dərəcəsi var:

- "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı - miqrasiya orqanlarında azı 20 il qüsursuz qulluq edən şəxslərə;
- "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı - miqrasiya orqanlarında azı 15 il qüsursuz qulluq edən şəxslərə;
- "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı - miqrasiya orqanlarında azı 10 il qüsursuz qulluq edən şəxslərə verilir.

"Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medalının ən yüksək dərəcəsidir.

"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə"Azərbaycan Respublikasının medalı haqqında Əsasnamədə isə qeyd edilir ki, "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:

- miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə;
- miqrasiya sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə.

Miqrasiya orqanlarının işçilərini bu medallarla müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Həmin medallar döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

"Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilib. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "MİQRASİYA ORQANLARINDA QULLUQDA FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri həkk olunub. Medalın ön tərəfinin səthi nahamardır.

İkinci dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunub, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilib. Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilib. Dəfnə yarpaqları ilə əhatə olunmuş bu kompozisiyanın yuxarı hissəsində diametri 3 mm olan səkkizguşəli ulduz təsvir olunub. Səkkizguşəli ulduzlar, yer kürəsi, xəritə, paralel və meridianlar, dairəvi xətlər, dəfnə yarpaqları və sözlər relyefli olub, qızılı rəngdədir.

Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunub, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilib. Səkkizguşəli ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilib. Bu kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ" sözləri, həmin sözlər və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunub. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, qızılı rəngdədir.

Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Yaşıl xara lentin kənarlarından mərkəzə doğru bir-birindən 5 mm aralı yerləşən və hər biri 1 mm olan sarı rəngli iki zolağın arasında 3 mm enində sarı rəngli zolaq təsvir edilib. Xara lentin üst hissəsinə eni 4 mm olan hamar qızılı təbəqə bərkidilir. Xara lentin alt hissəsinə eni 7 mm olan hamar qızılı təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilib.

Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilib. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "MİQRASİYA ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ" sözləri həkk olunub. Medalın ön tərəfinin səthi nahamardır.

İkinci dairənin daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilib. Xəritənin üzərində əməkdaşlıq simvolu əks olunub. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduz, dairəvi xətt, əməkdaşlıq simvolu və sözlər relyefli olub, qızılı rəngdədir.

Medalın arxa tərəfinin səthi hamardır, mərkəzində dairə, dairənin daxilində səkkizguşəli ulduz, onun ətrafı boyunca çevrə formasında üç zolaq təsvir olunub, ikinci zolağın üzərində, ulduzun guşələri arasında səkkiz düymə bərkidilib. Ulduzun daxilində müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə yer kürəsi, onun mərkəzində paralel və meridianların kəsişməsi fonunda Azərbaycan Respublikasının xəritəsi təsvir edilib. Bu kompozisiyadan aşağıda medalın nömrəsi, nömrədən sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ" sözləri, həmin sözlər və medalın nömrəsi boyunca diametri 1 mm olan 32 səkkizguşəli ulduz təsvir olunub. Yer kürəsi, xəritə, paralel və meridianlar, səkkizguşəli ulduzlar, sözlər və rəqəmlər relyefli olub, qızılı rəngdədir.

Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd göy xara lentin hər iki kənarında 1,5 mm enində və onların hər birindən mər­kəzə doğru 4 mm aralı 2,5 mm enində sarı rəngli şaquli zolaq təsvir edilib. Xara lentin üst hissəsinə eni 4 mm olan hamar qızılı təbəqə bərkidilir. Xara lentin alt hissəsinə eni 7 mm olan hamar qızılı təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilib.

Medala paltara bərkidilmək üçün medalın elementi olan xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti