...

İctimai Palatanın vahid namizəd problemi: AXCP və Müsavat anlaşılmazlığı

Siyasət Materials 19 Noyabr 2012 15:35 (UTC +04:00)
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı partiya başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində iştirak edəcəyi ilə bağlı bəyanatını normal sayır.
İctimai Palatanın vahid namizəd problemi: AXCP və Müsavat anlaşılmazlığı

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı partiya başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində iştirak edəcəyi ilə bağlı bəyanatını normal sayır.

"Seçkilərə artıq bir ildən az müddət qalıb və yəqin ki, seçkilərlə bağlı məsələlərdə aktuallıq getdikcə artacaq. İsa Qəmbər prezident seçilmək üçün ən layiqli şəxslərdən biridir və ona görə də onun prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan etməsi tamamilə normal və təbiidir", - bunu Trend-ə açıqlamasında Arif Hacılı deyib.

Müsavat Partiyasının əsas tərəfdaşı olan Xalq Cəbhəsi Partiyasının buna münasibətini isə Hacılı siyasi mövqe kimi dəyərləndirib.

"O da bir mövqedir, yəni hər hansı bir siyasi partiyanın ümummilli mənafelər, bəşəri dəyərlərlə yanaşı, həm də öz maraqları var. Bu baxımdan Xalq Cəbhəsi Partiyasının rəhbərlərinin çıxışlarını siyasi bir mövqe kimi qəbul edirəm", - Hacılı bildirib.

AXCP sədrinin müavini, İP-nin üzvü Fuad Qəhrəmanlı isə namizədlik məsələsində İctimai Palatanın qərarına əməl edilməsinin tərəfdarıdır.

Qəhrəmanlı Trend-ə açıqlamasında qeyd edib ki, İsa Qəmbər əvvəl də bildirib ki, namizəd kimi iştirakını bəyan edərkən Müsavat Partiyasından namizəd olmağı nəzərdə tutur.

"Təbii ki, İctimai Palataya daxil olan hər bir partiyanın öz namizədini müəyyənləşdirmək hüququ var. Ancaq biz İP-nin qərarına əməl olunmasının tərəfdarıyıq, çünki bizim birgə fəaliyyətimiz birgə qəbul etdiyimiz qərarlarla tənzimlənir və bu qərarlara əməl olunması bizim gələcək fəaliyyətimizin də əsasını təşkil edir", - Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, nə zaman ki, İP vahid namizəd müəyyənləşdirməyə başlayacaq, AXCP-də öz namizədini irəli sürəcək.

Qeyd edək ki, İsa Qəmbər mətbuata açıqlamasında bildirib ki, vahid namizəd ideyası çox cəlbedici olsa da, əsas namizəd termininin tərəfdarıdır. O, prezident seçkilərində iştirak etmək qərarında olduğunu diqqətə çatdlrlb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti