...

Koalisiya qüvvələrinin Əfqanıstanı tərk etmə yolları

Siyasət Materials 11 Yanvar 2013 16:00 (UTC +04:00)
Qərb koalisiya qoşunlarının Əfqanıstandan çıxarılmasına xeyli vaxt qalsa da, NATO-nun son hərbi hissələri iki il ərzində ölkəni tərk etməlidir. Əfqanıstanla bağlı bu proseslərə aidiyyəti olan ölkələr isə artıq hazırlıq tədbirləri görməlidir.
Koalisiya qüvvələrinin Əfqanıstanı tərk etmə yolları

Arzu Nağıyev - Trend-in icmalçısı

Qərb koalisiya qoşunlarının Əfqanıstandan çıxarılmasına xeyli vaxt qalsa da, NATO-nun son hərbi hissələri iki il ərzində ölkəni tərk etməlidir. Əfqanıstanla bağlı bu proseslərə aidiyyəti olan ölkələr isə artıq hazırlıq tədbirləri görməlidir.

Yəqin ki, bu məsələlər keçiriləcək Obama və Kərzayi görüşünün əsas mövzularından biri olacaq. Eyni zamanda, NATO qüvvələri Əfqanıstanı tərk etdikdən sonra ölkədə qalacaq 3 və ya 20 min nəfər ABŞ hərbçisinin qarşısında duran məsələlər də müzakirə edilməlidir.

ABŞ Mərkəzi Komandanlığının hesablamalarına görə, iki il ərzində Amerika ordusunun Əfqanıstandan bütün hərbi sursat və avadanlığını çıxarmaq üçün hər ay 2200 konteyner və nəqliyyat vasitəsi yola salınmalıdır. Bunlardan 500 ədədi Mərkəzi Asiya dövlətlərinin ərazisi vasitəsilə göndərilməlidir. Daha dəqiq desək, 400 ədədinin dəmir yolu ilə Özbəkistan, Qazaxıstan və Rusiya, qalan 100 ədədinin isə avtonəqliyyat vasitəsilə Tacikistan, Qırğızıstan, Qazaxıstan və Qafqazdan nəql edilməsi nəzərdə tutulur.

Bütün bunları daha ətraflı müzakirə etmək məqsədilə ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Ceyms Mettis 28 mart-2 aprel 2012-ci il tarixlərində Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanda olmuş və bu və ya digər məsələlər barədə fikir mübadiləsi aparmaq üçün həmin ölkələrin prezidentləri ilə görüşmüşdü.

ABŞ Mərkəzi Komandanlığı tərəfindən 2012-ci iln oktyabr ayında qoşun hissələrinin çıxışı və əks tranziti üzrə xəritə və slaydlar vasitəsilə müvafiq plan hazırlanıb. Plana əsasən, hər ay həll ediləcək məsələlərə aydınlıq gətirilib. Belə ki, hər ay 1200 ədəd səyyar heyət (SH), 1000 ədəd konteyner (K) yola salınmalıdır.

Nəqliyyat şəbəkələri tərəfindən daşınmalar - Dubay multimodal tranzit - 200 SH / 200 K; İordaniya multimodal tranzit - 50 SH / 50 K; Rusiya marşrutu - 200 SH / 200 K; Qazaxıstan, Qırğızıstan, Tacikistan vasitəsilə 100 K; GLOC Pakistan dəhlizi ilə isə yerdə qalan yüklərin daşınması həyata keçirilməlidir.

Xəritədə Əfqanıstandan çıxacaq bütün yüklərin marşrutları göstərilib. Konteynerlərlə dəmir yolunun "Rusiya marşrutu" Özbəkistan və Qazaxıstandan da keçir. Maraqlıdır ki, avtomobil marşrutu ilə daşınan yük isə Rusiya vasitəsilə deyil, Xəzər dənizinin Aktau limanı vasitəsilə Bakıya, oradan isə Türkiyə və Avropaya çatdırılmalıdır.

ABŞ və NATO-nun Avrasiyada təşkil etdikləri Bakı, Ulyanovsk (Rusiya) və Konstansa (Rumıniya) kimi mərkəzlərdən daşınması nəzərdə tutulan yüklərin həcmi Dubay və İordaniya vasitəsilə daşınması nəzərdə tutulan yüklərdən xeyli azdır. Dubay və İordaniyaya yüklərin əsasən hava yolu ilə göndərilməsi nəzərdə tutulsa da, onun həcmi Mərkəzi Asiya vasitəsilə göndərilən qədər olacaq.

Xəritə və hazırlanmış slaydlardan görünür ki, ABŞ Mərkəzi Komandanlığının əsas devizi - çeviklik, rahatlıq, təkrarçılığa və pozuculuğa yol verməməklə yükləri qrafikə uyğun çatdırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti