...

Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir

Siyasət Materials 23 Yanvar 2013 13:34 (UTC +04:00)
Azərbaycan sürətli templərlə inkişaf edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Davosda CNN-in müxbirinə müsahibəsində deyib.
Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan sürətli templərlə inkişaf edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Davosda CNN telekanalının müxbirinə müsahibəsində deyib.

"Biz öz imkanlarımızı beynəlxalq biznes cəmiyyətinə, xüsusən də hələ Azərbaycanda fəaliyyət göstərməyən şirkətlərə geniş şəkildə təqdim etmək istəyirik. Biz öz qapılarımızı açırıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa, bizim tərəfdaşlarımız olmağa dəvət edirik", - dövlət başçısı bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi Beynəlxalq İqtisadi Forumda iştirak etmək üçün Davosda səfərdədir.

İlham Əliyev qeyd edib ki, Forum çox əlverişli bir məkandır, çünki burada beynəlxalq aləmin biznes və siyasi elitası təmsil olunur.

"Burada böyük beynəlxalq şirkətlərin nümayəndələri iştirak edirlər. Bu baxımdan Forum ölkəni təmsil etmək üçün əla məkandır", - Azərbaycan Prezidenti deyib.

BP ilə "Rosneft" arasındakı münasibətlər və BP-nin Azərbaycandakı rolu haqqında suala cavab verərkən dövlət başçısı qeyd edib ki, BP Azərbaycanda müstəqilliyin ilk vaxtlarından təmsil olunan bir şirkətdir.

"BP ilə əlaqələrin 20 illik tarixi mövcuddur. Bizim dost və tərəfdaş münasibətlərimiz var və bu münasibətlər bundan sonra da azı 20 il də davam edəcək, çünki bizim hazırda BP ilə birgə həyata keçirdiyimiz layihələr gələcəyə hesablanıb. Bu baxımdan, mən BP-nin digər tərəfdaşları ilə münasibətlərindən narahat deyiləm", - İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı çox stabildir və hətta ölkə qlobal iqtisadi böhran illərində də inkişaf etməyi bacardı.

İlham Əliyev vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir.

"Biz ötən 10 il ərzində ölkənin ÜDM-ni 300 faizdən çox artırmağı bacardıq və hazırda ölkə iqtisadiyyatı daha çox diversifikasiya olunub. İqtisadiyyat yalnız energetikadan ibarət deyil. Bu baxımdan hazırda mənim əsas məqsədim Azərbaycanın qeyri-neft sektoruna, xüsusən də yüksək texnologiyalar, informasiya texnologiyaları və xidmət sahələrinə investisiyalar cəlb etməkdir", - İlham Əliyev deyib.

Müxbirin sualını cavablandırarkən Azərbaycan Prezidenti qeyd edib ki, iqtisadi baxımdan ABŞ Avropa İttifaqından çox stabildir.

Dövlət başçısı deyib ki, Aİ-nin hələ də problemləri mövcuddur, hələ də bir sıra ölkələr var ki, böyük Avropa ölkələri onların qayğısına qalmalıdır, onlara müəyyən maliyyə yardımları etməlidir.

"Bu, asan deyil, hətta yardım alan ölkələrdə narahatlıq yaradır. Bunları nəzərə alaraq mən deyərdim ki, iqtisadi və siyasi nöqteyi-nəzərdən ABŞ Aİ-dən daha çox stabil görünür", - İlham Əliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti