...

Misir inqilabının ildönümü itkilərlə yadda qaldı

Siyasət Materials 26 Yanvar 2013 04:21 (UTC +04:00)
Hüsni Mübarəkin devrilməsinin ildönümünü bayram edən Misir xalqı yenidən paytaxt Qahirədəkı Təhrir meydanını ələ keçirib. Etirazcılar prezident və hökumətə qarşı sosial ədalət və azadlıq tələbi ilə çıxış ediblər.
Misir inqilabının ildönümü itkilərlə yadda qaldı

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.Qəzvini/

Hüsni Mübarəkin devrilməsinin ildönümünü bayram edən Misir xalqı yenidən paytaxt Qahirədəkı Təhrir meydanını ələ keçirib. Etirazcılar prezident və hökumətə qarşı sosial ədalət və azadlıq tələbi ilə çıxış ediblər. Trend-in beynəlxalq KİV-ə istinadən verdiyi məlumata görə, Qahirədə Prezident sarayının qarşısı yandırılıb, binaya daş və yanacaq dolu qablarla hücum edilib.

Bir neçə şəhərdə baş qaldıran özbaşınalıqda 9 nəfərin həlak olduğu, 400-ə yaxın misirlinin isə yaralandığı bildirilir. Hadisəyə müdaxilə edən polis kütləyə qarşı gözyaşardıcı qazdan istifadə etməli olub. Eyni zamanda, ölkənin müxtəlif şəhərləri də 1 il əvvəlki kimi döyüş meydanını xatırladıb. Asayiş keşikçiləri ilə gənc aksiyaçılar arasında şiddətli qarşıdurmalar baş verib.

Paytaxt Qahirə yaxınlığında yerləşən Süveyş əyalətində etirazçı kütlə polislə qarşıdurmaya girərək valilik binasını ələ keçirib, binanın otaqlarına od vurub. İsgəndəriyyə, İsmailiyyə, əl-Qabiliyyə və əl-Mahalla əyalətlərində də valilik binalarına hücum edən aksiyaçılar binadakı ofis əşyalarını alova qərq ediblər. Eyni aqibətlə dövlət obyektləri, hakim "Müsəlman Qardaşları"nın "Hürriyyət" və "Ədalət" partiyalarının mərkəzləri də üzləşib. Məlum olub ki, özbaşınalıqda radikal futbol fanatları da yer alıb.

Misir Səhiyyə Nazirliyinin sözçüsü Məhəmməd Sultan isə etiraf edib ki, Süveyşdə meydana gələn qarşıdurmada açılan atəş nəticəsində 1-i əsgər olmaqla 4 nəfər həlak olub. Ümumilikdə isə 400-ə yaxın misirlinin yaralandığı bildirilir. Yaralılar arasında güc strukturlarının əməkdaşları da var. Yerli mətbuatın mənbələrə istinadən verdiyi məlumata görə, hazırda ölkə rəhbəri Məhəmməd Mursi öz ailəsi ilə birgə Qahirə ətrafı hərbi bazaların birindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti