Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Mehdiyev/
Nyu Meksiko Senatı Azərbaycan-ABŞ strateji tərəfdaşlığının önəminə dair qətnamə qəbul edib. Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Qətnamədə Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu qeyd olunur, onun ABŞ üçün yüksək önəm daşıyan güclü tərəfaş olduğu bildirilir və ABŞ-ın Azərbaycan kimi müttəfiqlərlə münasibətləri gücləndirməsinin zəruriliyi vurğulanır.
Məlumata görə, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Nyu Meksiko ştatının ən ali qanunverici orqanı olan Nyu Meksiko Senatının plenar sessiyasında çıxış edib.
Nyu Meksiko ştatı ilə Azərbaycan arasında bir sıra sahələrdə uğurlu əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edən diplomat Azərbaycanın bu ştatla münasibətləri hərtərəfli şəkildə inkişaf etdirmək əzmində olduğunu diqqətə çatdırıb. Baş konsul bu səpkidə qarşılıqlı səfərlərin vacibliyini vurğulayaraq, cari ildə Nyu Meksikonun geniş nümayəndə heyətinin Azərbaycana səfərinin olduqca faydalı olacağını bildirib.
Xatırladaq ki, oxşar qətnamə yanvarın 28-də öncə ştatın Nümayəndələr Palatası tərəfindən qəbul edilib.
Nyu Meksiko Senatı Azərbaycana dair qətnamə qəbul edib
Nyu Meksiko Senatı Azərbaycan-ABŞ strateji tərəfdaşlığının önəminə dair qətnamə qəbul edib.
