Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir T.Cəfərov/
Azərbaycanın İrandakı səfirliyi İran mətbuatında səfir Cavanşir Axundovun adından Məşhəd şəhərində Azərbaycanın Baş konsulluğunun açılacağı barədə yer aldığı fikirlərin düzgün olmadığını açıqlayıb.
Səfirlikdən Trend-ə bildiriblər ki, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Sari şəhərində Mazandaran əyalətinin Ticarət Palatasının nümayəndələri ilə görüşündə Məşhəd şəhərində Azərbaycanın Baş konsulluğunun açılacağı barədə fikir söyləməyib.
Qeyd edək ki, İranın İSNA agentliyinin yaydığı məlumata görə, İranın Məşhəd şəhərində Azərbaycanın Baş konsulluğunun açılması nəzərdə tutulub. Bu sözləri Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Sari şəhərində Mazandaran əyalətinin Ticarət Palatasının nümayəndələri ilə görüşündə deyib.
İSNA agentliyinin yaydığı məlumata görə, Axundov deyib ki, Mazandaran əyalət başçısı Azərbaycan Baş konsulluğunun bu əyalətdə fəaliyyət göstərməsini təklif edib.
"Məşhəd şəhərində Baş konsulluğun fəaliyyəti bizim üçün proritet məsələdir, Mazandaran və Gilan əyalətlərində də Baş konsulluğun olması iki ölkə arasında əlaqələrin inkişafına kömək edəcək", - İSNA səfirə istinadən qeyd edib.
Diplomat iki ölkə arasında daha sıx iqtisadi əlaqələrin qurulması üçün bu məsələnin yaxın vaxtlarda keçiriləcək Azərbaycan-İran birgə iqtisadi komissiyasının iclasında müzakirə ediləcəyini bildirib.
Hazırda Azərbaycanın Təbrizdə Baş konsulluğu fəaliyyət göstərir.