Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İzzət/
Bakıda Polşanın milli bayramı - Konstitusiya günü qeyd olunub.
Trend-in məlumatına görə, bu münasibətlə təşkil olunan tədbirdə Polşanın Azərbaycandakı səfiri Mixal Labenda çıxış edərək Azərbaycan-Polşa əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib.
Azərbaycan dövləti adından Polşa dövlətini və xalqını təbrik edən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov qeyd edib ki, Polşa növbəti dəfə müstəqilliyini əldə etdikdən sonra inkişaf etmiş ölkəyə çevrilib.
"Azərbaycanla Polşa arasında münasibətlərin təməli 1991-ci il dekabrın 27-də Polşanın Azərbaycanın müstəqilliyini tanıması ilə qoyulub və qısa müddətdə inkişaf edib. Ölkə prezidentləri, baş nazirləri və parlament sədrlərinin qarşılıqlı səfərləri əməkdaşlıq üçün yeni imkanlar açıb", - Ələsgərov deyib.
O bildirib ki, hazırda iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, mədəni, səhiyyə, elm, təhlükəsizlik sahələrini geniş əhatə edir və inkişaf edir.
Tədbirdə Azərbaycandakı xarici ölkə səfirliklərinin nümayəndələri, rəsmi şəxslər və ziyalılar iştirak ediblər.