Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin hərbi məhsulların istehsalı ilə məşğul olan "Vestel Savunma Sanayi" şirkəti ilk yerli pilotsuz təyyarələrin istehsalına başlamaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Zaman" qəzeti xəbər yayıb.
Məlumata görə, Türkiyə ordusunda istifadə olunan İsrailə məxsus "Heron" pilotsuz təyyarələrin "Karayel" təyyarələri ilə əvəz olunacağı planlaşdırılır. Türkiyə ordusu bu il ərzində ilk təyyarə partiyasından 6 ədəd "Karayel" təyyarəsi alacaq.
"Vestel Savunma Sanayi" şirkəti 50-60 ədəd "Karayel" təyyarəsi buraxmaq niyyətindədir. Bu uçan aparatlar 70 kiloqram lazımi yükü 22,5 min fut hündürlüyə qaldıra biləcəklər. Türkiyənin pilotsuz kəşfiyyat təyyarəsi 20 saata qədər havada qala bilər.
Son illərdə Türkiyə hərbi sənayesi diqqətini yerli məhsulların hazırlanması və istehsalına cəmləyib.