...

Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov Bakıya gələcək

Siyasət Materials 10 May 2013 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumun əsas tərəfdaşları qismində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edir.

Forum çərçivəsində təşkil ediləcək "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək" sessiyasına Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov sədrlik edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Forumun proqramına "Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?", "Qloballaşmanın Yeni Erası: Dəyişən dünyada mədəniyyətdə hibritləşmə", "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?", "Qlobal Vətəndaşlıq: Mədəniyyətlərarası fəaliyyətlərə doğru", "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək", "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər", "Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası dialoqun təşviq olunması", "21-ci əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması", "Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi", "Mədəniyyətlərarası dialoq: Etiqat və Elm", "XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması", "Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolu", "Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu" sessiyaları daxildir.

Forum çərçivəsində Azərbaycanın şərqlə qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək. Konfrans çərçivəsində "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?", "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm" sessiyaları olacaq.

Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, "beyin mərkəzləri"nin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamla Forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti