Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/
Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini başa çatdırıb.
Trend-in məlumatına görə, yekun sessiyada çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, tədbir zamanı 19 müvafiq sessiya keçirilib. Onun sözlərinə görə, iştirakçıların Foruma böyük marağı müşahidə olunurdu: "Forumda 90-dan çox ölkədən nümayəndələr iştirak ediblər".
Forumun uğurla başa çatmasına görə Azərbaycan hökuməti adından etibarlı tərəfdaşlara minnətdarlığını bildirən Qarayev, həmçinin bütün ekspertlerin işinin məhsuldarlığından danışıb.
Bağlanış mərasimində çıxış edən ekspertlər qeyd ediblər ki, sessiyalar ərəfəsində hədəf seçilən məqsədlərə və gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə nail olunub. Forumda səsləndirilən təkliflərin, forumun yekunlarının növbəti ay ərzində araşdırılacağı və ümumiləşdirilərək yekdil bir formaya salınacağı bildirilib. Xüsusi olaraq vurğulanıb ki, Bakıda keçirilən Forum hansısa oxşar tədbirləri təkrarlamaq yox, mədəniyyətlərarası münasibətlərə yeni dəyər verməyə yönəlib. Azərbaycanın təklif etdiyi dəhlizlərdən istifadə edərək mədəniyyətlərin qovuşmasını təmin etməklə gələcək proqnozların 2015-ci ildə bu işi davam etdirməkdən ibarət olduğu vurğulanıb.
Ekspertlər, həmçinin gənclərin görülən işlərə aktiv cəlb olunmasının, gələcəkdə artıq yalnız dialoqun özündən deyil, dialoqun açarlarından, elementlərindən bəhs olunmasının vacibliyini vurğulayıblar.