Azərbaycan, Bakı, 5 iyul /Trend/
Sabiq millət vəkili Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev məhkəmənin qərarı ilə 9 yaşlı oğlunun ona verilməsi barədə məlumata aydınlıq gətirib.
Trend-in məlumatına görə, Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, bəzi KİV-də keçmiş həyat yoldaşı Gültəkin Hacıbəyli guya Nəsimi rayon məhkəməsi tərəfindən atalıq hüququnun bərpa edilməsi və 9 yaşlı oğlu Toğrulun onun himayəsinə verilməsi ilə bağlı qərar çıxarması barədə sensasion xarakterli bəyanatla çıxış edib.
Mehdiyev qeyd edib: "Hacıbəylinin məhkəmənin çıxardığı qərarda göstərilənləri təhrif edərək bu barədə ictimaiyyətə yalan məlumat verməsi məndə təəssüf doğurur. Bildirirəm ki, Nəsimi rayon məhkəməsi mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq, oğlumla hər həftənin beş günü saat 16:00-dan saat 21:00-dək görüş vaxtı və hər həftənin şənbə günü saat 20:00-dan növbəti bazar günü saat 11:00-a qədər mənimlə qalması şərtilə görüş vaxtı müəyyən edib. Qeyd olunanları nəzərə alaraq bəyan edirəm ki, hər bir vətəndaş kimi vaxtilə deputat mandatına sahib olan G.Hacıbəyli də, öz növbəsində, məhkəmənin qəbul etdiyi qərara hörmətlə yanaşmalı və ictimaiyyət arasında mənim şəxsiyyətimə xələl gətirə biləcək çıxışlarına son qoymalıdır".