...

Milli Şura - ideologiyasız, lidersiz və siyasi strategiyasız işləyən marginal qruplaşma

Siyasət Materials 6 Avqust 2013 17:04 (UTC +04:00)
Milli Şura hələ yaranmamışdan qabaq deyilirdi ki, o, perspektivi olmayan, "ölü doğulmuş" bir təşkilatdır.
Milli Şura - ideologiyasız, lidersiz və siyasi strategiyasız işləyən marginal qruplaşma

Aydın Hüseynov - YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri

Milli Şura hələ yaranmamışdan qabaq deyilirdi ki, o, perspektivi olmayan, "ölü doğulmuş" bir təşkilatdır. Xüsusilə də, Yeni Azərbaycan Partiyasının rəhbərliyi, funksionerləri dəfələrlə mətbuata açıqlamasında bildirmişdilər ki, Milli Şura anti-Azərbaycançı dairələrin layihəsidir və onun perspektivi görünmür. Hətta, YAP İcra katibinin müvini, millət vəkili Siyavuş Novruzov perspektiv proqnoz verməklə, Milli Şuranın tezliklə dağılacağını dilə gətirmişdi. Məhz, bu gün artıq biz söylənilənləri reallıqda əksini görürük. Vahid namizəd məsələsində ortaq məxrəcə gələ bilməyən Milli Şura Tbilisi yığıncağından da nəticə çıxara bilmədi. Bütün bunlar isə bir daha Milli Şuranın əsaslı təşkilat olmadığını, onun ideologiyasız, lidersiz və siyasi strategiyasız işləyən marginal qruplaşma olduğunu isbatladı.

Milli Şuranın ideologiyası satqınlıqdır

Bu aydındır ki, istənilən siyasi qurumun və ya təşkilatın səmərəli fəaliyyəti üçün ideologiya mütləq lazımdır. Çünki ideologiya həmin təşkilatın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, onun hansı amal uğrunda mübarizə apardığını ortaya qoyur. Lakin Milli Şura elə yarandığı gündən fəaliyyətini o qədər primitiv və qeyri-müəyyən şəkildə bəlirləyib ki, onun ideologiyasız şəraitdə "işlədiyini" güman etmək heç də çətin olmur. İstənilən halda, Milli Şuranın vahid ideologiya əsasında iş qurmasının mümkünsüzlüyü əvvəlcədən də bəlli idi. Yəni, onun tərkibində daxil olmuş Müsavat, AXCP, ACP, ALP və digərlərinin hər birinin özünəməxsus fəaliyyət istiqaməti və inancları var. Bu da reallıqdır ki, adları çəkilən partiyaların böyük əksəriyyəti 1988-ci ildə başlanmış azadlıq hərəkatının sosial bazası əsasında yaradılıb. Və nəzərə alsaq ki, bu gün əsas ideologiyası Dağlıq Qarabağ, sonradan ölkənin müstəqilliyi olan azadlıq hərəkatının missiyası tam başa çatıb, o zaman, bu partiyaların da yenidən qurulmasına, dəyişməsinə ehtiyac yarandığını tam mənada söyləmək olar. Nə Müsavatın, nə AXCP-nin, nə digərlərinin konkret ideologiyası yoxdur və ya onların inanclarında elə bir düyün yoxdur ki, üst-üstə düssün və Azərbaycan xalqına xidmət etsin. Lakin təəssüflə qeyd etmək lazımdır ki, həm ayrı-ayrılıqda radikal müxalifət partiyalarının, həm də Milli Şuranın fəaliyyətinə nəzər saldıqda, açıq şəkildə görürük ki, onların əsas ideologiyası satqınlıqdır. Müsavat Dağlıq Qarabağı ermənilərə "bağışlayan" sənədə imza atıb, AXCP hələ çoxdan torpaqlarımızı 2000 dollara satıb - yəni bütün bunlar ictimaiyyətin diqqətindədir və hər kəs də bunu bilir. Eyni zamanda, ideologiyasızlıq şəraitində Milli Şura daxilində ciddi qarşıdurmalar yaşanır. İsa Qəmbər-Əli Kərimli-Rəsul Quliyev triadasının "vuruşması" onlar arasında ümumi düşüncənin olması haqqında məlumatların illuziya olduğunu üzə çıxarmış olur.
Ona görə də, ideologiyasız fəaliyyət göstərən Milli Şura mütləq mənada məğlubiyyətə düçar olacaq. Hələ də Milli Şura daxilində yer alanlar bir dəfə də olsun özlərinə sual verməyiblər ki, insanlar nə üçün onlara səs verməlidir? Niyə Milli Şuranın satqın fəaliyyətinə dəstək olmalıdır? Demək ki, ideologiya hər şeyi həll edir. Elə 1992-ci ildə yaradılarkən güclü, müstəqil və yeni Azərbaycan vəd edən Yeni Azərbaycan Partiyası 6 aydan sonra xalq tərəfindən hakimiyyətə gətirildi. Məhz, ideologiya budur, milli fəaliyyət budur.

Bu gün Milli Şurada vahid namizədin seçilməsinə də məhz ideologiyasızlıq mane olur. Bu mənada düşünürəm ki, Milli Şuranın uğursuz layihə olmasının ilkin səbəbi onun ideologiyasızlığıdır.

Milli Şurada lider yoxdur

İkinci problem Milli Şurada xalqın etimadını qazana biləcək liderin olmamasıdır. Bu gün Milli Şuranın "siyasi palitrasına" nəzər salanda biz orada qoca rejissor Rüstəm İbrahimbəyovu, İsa Qəmbəri, Əli Kərimlini, Eldar Namazovu, Rəsul Quliyevi, Mehman Əliyevi və digərlərini görürük. Amma adları çəkilənlərin heç biri xalqın qarşısına keçib dəstək istəyə bilməz. Çünki, onların Azərbaycan xalqının yaddaşında silinməz xəyanət izləri qoymuş fəaliyyəti var.

Götürək elə Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovu. O, həyatının böyük bir hissəsini Azərbaycandan kənarda yaşayıb və düşüncəsi də, mentaliteti də yadlaşıb. Bu mənada o heç bir zaman Azərbaycan xalqını anlaya bilməyəcək. Bununla yanaşı, Rüstəm İbrahimbəyovun iddialarının Azərbaycan xalqının milli maraqlarından irəlidə durması onun siyasi perspektivinin üzərində qalın xətt çəkir. Hər kəsin yaddaşındadır ki, 2008-ci ildən sonra qoca rejissor siyasi ambisiyalarını ortaya qoymağa başladı və bu da ermənilərin dəstəyilə reallaşdı. Rəhbəri olduğu AKİ-nin bütün resurslarını istismar edən, dövlət torpaqlarını zəbt edən, vergidən yayınan qoca rejissor şantaj vasitəsilə Şəhidlər Xiyabanını da restoranlar şəbəkəsinə çevirmək niyyətində idi. Amma ictimaiyyətin kəskin reaksiyası və milli hakimiyyətin qəti mövqeyi Rüstəm İbrahimbəyovun ermənilərlə birgə planının qarşısı alınıb.

Müsavat partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ACP sədri Rəsul Quliyev də anti-milli fəaliyyətilə xalqın yaddaşındadır. Onların da erməni lobbisinin təsiri altında olan anti-Azərbaycan qruplaşmaları ilə münasibətləri və işbirliyi açıq şəkildə hər kəsə bəllidir. Adları çəkilən anti-milli ünsürlərin xəyanətkar əməlləri haqqında geniş danışmağa ehtiyac da yoxdur. Çünki, onlar bunu hər danışıqlarında və addımlarında isbatlayıblar.

Eldar Namazova və Mehman Əliyevə gəlincə, onların müxtəlif fondlardan aldıqları maliyyə vəsaitilə Azərbaycan xalqının milli maraqlarına zidd fəaliyyət sərgiləyirlər. Soros Fondu və digərləri bu iki anti-milli ünsürü bütün çirkin işlərə sövq, dövlətimizə qarşı təzyiq aləti kimi istifadə edir.

Göründüyü kimi, Milli Şurada və ya ümumilikdə radikal müxalifət düşərgəsində xalqın qarşısına çıxa biləcək lider yoxdur. Onlar xalqa qarşı fəaliyyətlərinə görə, son 20 ildə qiymətlərini alıblar və düşünürəm ki, bu dəfə də eyni vəziyyət olacaq.

Siyasi strategiyasız və ya başsız bədən kimi

Milli Şuranın məğlubiyyətini əsaslandıracaq faktorlardan birini də qurumun siyasi strategiyasının olmamasıdır. Yəni, hələ də bu günə qədər Milli Şura əsaslandıra bilməyib ki, nə üçün insanlar ona dəstək verməlidir? Digər tərəfdən, bir namizəd məsələsini həll edə bilməyən bir təşkilat sabah Azərbaycanın maraqlarını necə müdafiə edəcək? Bütün bunlardan kənar, bir daha qeyd olunmalıdır ki, seçkiyə gedən istənilən namizədin və ya təşkilatın, siyasi partiyanın hazırlığı, bəlli siyasi strategiyası olmalıdır. Məsələn, Yeni Azərbaycan Partiyası ötən 20 il ərzində ortaya qoyduğu konkret siyasi strategiya, seçki texnologiyası, taktikası və metodologiyası nəticəsində bütün seçkilərdə qalib gəlib. Amma bu günkü Milli Şura kimi siyasi strategiyası olmayan radikal müxalifət bütün siyasi yarışmalarda məğlub olub, xalqın dəstəyini ala bilməyib.

Söylənilənləri ümumiləşdirərək bir daha qeyd edim ki, Milli Şura qısa müddət ərzində tam iflasa uğrayacaq, hətta, radikal müxalifətin tabutuna da çevriləcək...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti