Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Artıq beynəlxalq təşkilatların müşahidə missiyaları Azərbaycanda fəaliyyətə başlayıblar. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib.
N.Məmmədov qeyd edib ki, son məlumata görə, MSK-da 140-dan artıq beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
MSK sədrinin müavini vurğulayıb ki, Azərbaycanda keçirilən seçkilərə diqqət daim yüksək olub: "Ötən seçkilərdə yerli müşahidəçilərin sayı 50 mindən yuxarı olub. Bu seçkilərə diqqətin ciddi olmasından xəbər verir. Beynəlxalq müşahidəçilər baxmından da seçkilərdə müşahidəçilərin sayı az olmayıb. Bu müşahidəçilər uzunmüddətli müşahidə missiyasını həyata keçirənlərdir".
N.Məmmədov əlavə edib ki, seçki günü isə yerli və beynəlxalq müşahidə aparacaq şəxslərin sayının artacağı gözlənilir: "Ən əsası odur ki, biz müşahidələrə tam açığıq, bundan başqa müşahidə missiyalarının fəaliyyəti üçün yüksək şərait yaradılıb".
N.Məmmədovun sözlərinə görə, Azərbaycanda keçirilən seçkilərin müşahidəsinin dünyanın istənilən yerindən aparılması da mümkündür: "Hər bir halda biz seçkini o səviyyədə aparmaq istəyirik ki, prosesi qiymətləndirilən zaman yüksək nəticə əldə olunsun".