...

“İDEES”: Yerli hakimiyyət orqanları və polis tərəfindən seçkinin gedişinə müdaxilə edilməyib

Siyasət Materials 10 Oktyabr 2013 11:28 (UTC +04:00)
Beynəlxalq “İDEES” qeyri-hökumət təşkilatlarının müşahidə missiyası Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.
“İDEES”: Yerli hakimiyyət orqanları və polis tərəfindən seçkinin gedişinə müdaxilə edilməyib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir S. Əhmədova/

Beynəlxalq "İDEES" qeyri-hökumət təşkilatlarının müşahidə missiyası Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.

Trend-ın məlumatına görə, missiyaya Afrika, Asiya, Latın Amerikası və Avropanın 37 ölkəsini təmsil edən 52 parlamentari və eksperti daxil olub. Seçki günü müşahidəçilər Bakıda və 5 rayonda 26 seçki dairəsində fəaliyyət göstəriblər. Onlar 450 seçki məntəqəsini ziyarət ediblər.

Seçki günü ölkədə vəziyyət sakit və dinc olub, yerli hakimiyyət orqanları və polis tərəfindən seçkinin gedişinə müdaxilə olunmayıb. Seçki məntəqələrinin çoxunda müxtəlif siyasi partiyalara mənsub yerli müşahidəçilər də var idi. Səslərin hesablanması açıq və şəffaf keçirilib.

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 72 faizindən daxil olan protokollara əsasən 84,73 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti