...

Beynəlxalq müşahidəçi: Azərbaycan xalqı ölkənin gələcəyinə istiqamətlənən əhəmiyyətli qərar verib

Siyasət Materials 10 Oktyabr 2013 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir S.Ağayeva/

Asiya-Sakit okean hövzəsi ölkələrindən 300-dən artıq partiyanın təmsil olunduğu Beynəlxalq Asiya Siyasi Partiyaları Təşkilatı Azərbaycanda keçirilən prezident seçkilərini müsbət qiymətləndirir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında beynəlxalq təşkilatın Baş katibi Çunq Eu-Yonq bildirib.

Yonq bildirib: "Missiya bir sıra məntəqələrdə müşahidələr aparıb, missiya üzviləri prezidentliyə namizədlərin nümayəndələri ilə görüşüblər. Bizdə belə bir təəssürat yarandı ki, Azərbaycanda prezident seçkiləri qayda pozuntusuz, demokratik şəraitdə keçirilib. Hər bir namizəd öz platformasını seçicilərə təqdim etmək imkanına malik olub".

Onun fikrincə, Azərbaycan xalqı səsvermə prosesində aktiv şəkildə iştirak edib, məntəqələrin texniki təchizatı yüksəksəviyyədə olub.

Eu-Yonq bildirib: "Azərbaycan xalqı ötən gün ölkənin gələcəyinə istiqamətlənən əhəmiyyətli qərar verib".

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın məlumatına görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 99,53 faizindən daxil olan protokollara əsasən 84,59 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti