...

Polad Bülbüloğlu: İlham Əliyevin Prezident seçkilərində qələbəsi gözlənilən idi

Siyasət Materials 11 Oktyabr 2013 12:09 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu hesab edir ki, İlham Əliyevin Azərbvaycandakı Prezident seçkilərində qələbəsi gözlənilən idi.
Polad Bülbüloğlu: İlham Əliyevin Prezident seçkilərində qələbəsi gözlənilən idi

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu hesab edir ki, İlham Əliyevin ölkədə keçirilən Prezident seçkilərində qalib gələcəyi gözlənilən idi.

Trend-in Rusiyanın "Parlamentskaya qazeta" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə səfir "Azərbaycanda prezident seçkilərinin yekunları. Sonra nə olacaq?" mövzusunda təşkil olunan dəyirmi masada bildirib: "İnsanlar sabitlik, əmin-amanlıq və sakit həyata səs veriblər. Son illər Azərbaycanda vəziyyət sabitdir, ölkə inkişaf edir, yeni yollar tikilir, şəhərlər abadlaşır".

O, yalnız Azərbaycan paytaxtının deyil, həm də regionların simasının sürətli şəkildə dəyişməsini xüsusilə vurğulayıb. Təbii ki, demokratik cəmiyyət quran istənilən ölkə kimi bizdə də narazı olanlar, müxalifət var. Və bu normal prosesdir".

Diplomat, o cümlədən xatırladıb ki, İlham Əliyev ölkənin iqtisadi və sosial inkişafı kursunu götürüb. "Yeri gəlmişkən, bizdə Prezident proqramı var ki, onun xətti ilə hər il 600-dən artıq tələbə tamamilə pulsuz, dövlət hesabına dünyanın ən yaxşı xarici universitetlərinə oxumağa göndərilir. İnsanlar bütün bunları görürlər."

O, həmçinin bildirib ki, oktyabrın doqquzunda Azərbaycanın Moskvada yerləşən səfirliyində 1799 vətəndaş, daha min nəfər Sankt-Peterburqda, o cümlədən Yekaterinburqda da səs verib. Bundan əlavə, diplomat Prezident seçkilərində gənclərin iştirakını xüsusi vurğulayıb.
Bülbüloğlu vurğulayıb: "Bu çox vacib göstəricidir. Onlar anlayırlar ki, öz vətəndaşlıq borcunu həyata keçirmək lazımdır. Bundan əlavə, Prezident seçkiləri - müəyyən müddətdə ölkənin həyatını müəyyənləşdirən əhəmiyyətli ictimai-siyasi hadisədir. Azərbaycanda bu müddət beş ildir".

Səfir habelə bildirib ki, Rusiya və Azərbaycan əlaqələri çox sıxdır: "Nümunə kimi Bakı və Moskva arasında hər gün yeddi aviareysin həyata keçirildiyini söyləmək olar. Mən hələ bizim digər şəhərlərimiz arasındakı aviareysləri demirəm. Buna görə də bizdə sıx trafik var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti