...

Georgi Pırvanov: Aİ "Şərq tərəfdaşlığı" siyasəti çərçivəsində ölkələrə fərdi yanaşmalıdır

Siyasət Materials 31 Oktyabr 2013 15:00 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycan kimi şərq tərəfdaşları ilə həqiqətən də möhkəm strateji münasibətlərin formalaşdırılması üçün hər bir ölkəyə fərdi yanaşmalıdır.
Georgi Pırvanov: Aİ "Şərq tərəfdaşlığı" siyasəti çərçivəsində ölkələrə fərdi yanaşmalıdır

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir E. Əliyev/

Avropa İttifaqı (Aİ) Azərbaycan kimi şərq tərəfdaşları ilə həqiqətən də möhkəm strateji münasibətlərin formalaşdırılması üçün hər bir ölkəyə fərdi yanaşmalıdır.

Trend-in məlumatına görə, bunu cümə axşamı Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Aİ yaxın günlərdə "Şərq tərəfdaşlığı" siyasətinin qiymətləndirilməsi və davam etdirilməsi mövzusunda diskussiya aparacaq: "Hesab edirəm ki, Avropa Şərq siyasətində hər bir ölkəyə fərdi yanaşmanı tətbiq etməlidir. Ümid edirəm ki, Avropanın belə qərar qəbul etməyə müdrikliyi və cəsarəti çatacaq".

G.Pırvanov vurğulayıb ki, son illər Cənub Qaz Dəhlizi və Trans-Adriatik (TAP) qaz kəməri layihələrinin reallaşdırılması ilə əlaqədar hamının enerji təhlükəsizliyinə diqqət ayırdığı bir şəraitdə birinci plana hətta qarşılıqlı ticarətin inkişafı deyil, qarşılıqlı investisiyaların inkişafı çıxır".

G. Pırvanov Prezident seçkilərində qazandığı inamlı qələbə münasibəti ilə İlham Əliyevi təbrik edib. Onun sözlərinə görə, bu qələbə xalqın Azərbaycan Prezidentinin yürütdüyü modernləşdirmə siyasətinə verdiyi dəstəyi nümayiş etdirir.

Qeyd edək ki, oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu işə başlamışdır.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.

Forumun həmsədrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti