...

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 31 Oktyabr 2013 18:32 (UTC +04:00)
Dünya Bankının prezidenti Cim Yen Kim Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Dünya Bankının prezidenti Cim Yen Kim Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Son 10 ildə Azərbaycan yüksək sürətlə inkişaf edərək orta gəlirli ölkəyə çevrilmiş və yoxsulluğun səviyyəsini əhəmiyyətli dərəcədə azaltmışdır. Bütün bunlar Azərbaycanın gələcəkdə daha yüksək nailiyyətlər əldə edəcəyindən xəbər verir.

Dünya Bankı "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi istiqamətində göstərdiyiniz səyləri bundan sonra da dəstəkləyəcəkdir. Azərbaycan Hökuməti ilə birgə işləyərək müvafiq investisiya layihələrinin hazırlanıb həyata keçirilməsində qlobal bilik və təcrübəmizi, həmçinin əldə etdiyimiz uğurları Azərbaycan vətəndaşları arasında daha geniş şəkildə bölüşməyə həmişə hazırıq.

Yeni prezidentlik müddətinizdə Sizə uğurlar arzulayıram".

XXX

Seyşel Adaları Respublikasının Prezidenti Ceyms Aleks Mişeldən:

"Fürsətdən istifadə edərək, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Seyşel hökuməti və xalqı adından ən səmimi və hərarətli təbriklərimizi Sizə çatdırmaqdan məmnunam.

Seçkilərdə parlaq qələbə qazanmağınız Azərbaycan xalqının Sizə bəslədiyi dərin inamın sübutu və ifadəsidir.

Xalqlarımız arasındakı əlaqələr həmişə yüksək səviyyədə olmuşdur və ümidvaram ki, bu möhkəm dostluq və əməkdaşlıq münasibətləri Sizin rəhbərliyiniz altında daha da güclənəcəkdir.
Ali dövləti vəzifənizin yerinə yetirilməsində Sizə bir daha uğurlar diləyirəm.

Zati-aliləri, seçkilərdəki qələbəniz münasibətilə təbriklərimi və ən dərin ehtiramımı qəbul edin".

XXX

"Türkiyə Həmkarlar Konfederasiyasının sədri İsmail Koncukdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və Sizin şəxsinizdə qardaş azərbaycanlı soydaşlarımızı Türkiyə Həmkarlar Konfederasiyası və quruma üzv olan həmkarlar ittifaqı komitələri adından səmimi qəlbdən təbrik edirəm.

Sizə gələcək fəaliyyətinizdə uğurlar diləyirəm".

XXX

"Özkaya Group" şirkətinin rəhbəri Osman Gezekerdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Azərbaycanın sürətli inkişafı, dünya mətbuatında "yüksələn ulduz" adı alması, etibarlı tərəfdaş imici qazanması, xalqın rifahının artması Sizin adınızla bağlıdır. Seçkilərdə Sizin inamlı qələbənizi təmin edən məhz bu amillərdir. Sizə xalqın etimadı, inamı bu seçkilərdə bir daha özünü göstərdi.

Mən və rəhbəri olduğum kollektiv Sizin qələbənizə əvvəldən inanırdıq. Türkiyə Cümhuriyyətinin vətəndaşı kimi Azərbaycanda səs vermək hüququm olmasa da, seçkiləri yaxından izləyərək azərbaycanlı qardaşlarımın sevincinə şərik olmaqdan qürur hissi duydum.
Ulu Öndərin siyasi xəttinin Sizin tərəfinizdən uğurla davam etdirilməsinin şahidi olmaq insanda sözlə ifadə edilə bilməyən hisslər doğurur. Özümü bu ölkənin, bu xalqın ayrılmaz bir parçası hesab edir və hazırda yaşadığım sevincin bütün Azərbaycan xalqının qəlbini iftixar hissi ilə coşdurduğunu görməkdən zövq alıram.

Türkün tarixinə qələbələr yaraşır! Türk oğluna qalib gəlmək yaraşır! Türk dünyasına Sizin kimi liderlər yaraşır!

Hörmətli cənab Prezident, növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə cansağlığı, uzun ömür və bol-bol nailiyyətlər arzulayıram.

Tanrı Sizi qorusun!"

XXX

"Gülüstan" Beynəlxalq Ədiblər İttifaqının prezidenti, Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Rusiya Jurnalistlər İttifaqının üzvü, şair Tahir Salehdən:

"Qədim Dərbəndin ədəbi ictimaiyyəti prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir.

Əminik ki, Azərbaycan Sizin müdrik rəhbərliyiniz ilə dünyanın ən firavan ölkələrindən birinə çevriləcəkdir. Bunun üçün Sizin bütün imkanlarınız və resurslarınız vardır.

Əziz İlham Heydər oğlu, ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Azərbaycan xalqına əmin-amanlıq və rifah, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq".

XXX

Dağıstan Xalq Məclisinin deputatı, "Rosselxozbank" ASC-nin Dağıstan filialının direktoru Qitinoməhəmməd Hacıməhəmmədovdan:

"Ali dövləti vəzifədə fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Dağıstanın Baş nazirinin birinci müavini vəzifəsində çalışdığım uzun illər boyu qardaş Azərbaycan ilə əməkdaşlıq məsələlərinə rəhbərlik edərkən mənə dahi atanız Heydər Əliyev ilə və Sizinlə görüşmək, xalqlarımız arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsi naminə birgə çalışmaq xoşbəxtliyi nəsib olmuşdur.

Azərbaycanın iqtisadi inkişaf sahəsində qazandığı uğurlar, onun beynəlxalq nüfuzunun möhkəmlənməsi, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı bizi ürəkdən sevindirir.

Azərbaycan xalqı bir daha sübut etdi ki, dahi Heydər Əliyevin başladığı və Sizin ləyaqətlə davam etdirdiyiniz inkişaf xəttini bütünlüklə dəstəkləyir.

Sizi bir daha təbrik edirəm, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

XXX

Rusiya Federasiya Federal Məclisi Dövlət Dumasının deputatı Tatyana Moskalkovadan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu qələbəniz seçicilərin Sizə inam və etimadının göstəricisidir. Əminəm ki, yeni prezidentliyiniz dövründə Rusiya-Azərbaycan münasibətləri daha da möhkəmlənəcəkdir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və nikbinlik arzulayıram. Qoy həyatda uğur, firavanlıq, həmkarlarınızın və dostlarınızın, doğmalarınızın və yaxınlarınızın diqqət və qayğısı həmişə Sizinlə olsun. Sizə və doğmalarınıza əmin-amanlıq və xoşbəxtlik arzulayıram".

XXX

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Pakistan dövləti və xalqı adından, şəxsən öz adımdan Zati-alilərinizi səmimi qəlbdən təbrik edirəm. Növbəti dəfə Prezident seçilməyiniz Azərbaycan xalqının Sizin rəhbərliyinizə olan inamının parlaq nümunəsidir.

Pakistan ilə Azərbaycanı möhkəm dostluq əlaqələri birləşdirir. Qardaş ölkələrimiz arasında əlaqələr hər zaman sıx və dostcasına olmuşdur. Əminəm ki, Sizin müdrik rəhbərliyiniz və qarşılıqlı səylərimiz nəticəsində bu əlaqələr gələcəkdə daha da güclənəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və qardaş Azərbaycan xalqına rifah arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramlarımı Sizə çatdırıram".

XXX

Serbiya Respublikasının Xalq Skupşinasının deputatı Draqomir Y.Kariçdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan bütün dünyada sülhə və sabitliyə şərait yaratmaqda davam edəcəkdir.

Ümidvaram ki, Azərbaycan ilə Serbiyanın münasibətləri bütün vətəndaşlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir".

XXX

Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Ekard Cordesdən:

"Sizi ölkənizdə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Almaniya İqtisadiyyatının Şərq Komitəsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ali dövləti vəzifədə Sizə möhkəm cansağlığı, uğurlar diləyirəm. Əminəm ki, ölkənizin iqtisadi, sosial və ictimai tərəqqisinə xidmət edən məqsəd və planlarınız Azərbaycan-Almaniya münasibətlərinin, xüsusilə iqtisadi əlaqələrin davamlı inkişafına töhfə verəcəkdir.

Fürsətdən istifadə edərək Sizi əmin edirəm ki, ümumilikdə Almaniya iqtisadiyyatı və xüsusi olaraq Almaniya İqtisadiyyatının Şərq Komitəsi Azərbaycanın iqtisadiyyatının müasirləşməsi və inkişafında, eləcə də hər iki ölkə arasındakı münasibətlərdə etibarlı tərəfdaşdır.

Zati-aliləri, icazə verin Sizi əmin edim ki, biz bu istiqamətdə aktiv fəaliyyətimizi davam etdirəcəyik".

XXX

Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanovdan:

"Sizin növbəti dəfə Azərbaycan Prezidenti seçilməyiniz haqda xəbər bizi çox məmnun etdi. Azərbaycan xalqının bu seçimi hərtərəfli ölçülüb-biçilmiş seçimdir. Sizin namizədliyinizin xeyrinə verilmiş səslərin faizi buna gözəl sübutdur. Şübhə yoxdur ki, Sizin yeni prezidentliyiniz müddətində Rusiya-Azərbaycan münasibətləri daha da dinamik və ardıcıl olacaq, rus və Azərbaycan xalqlarının çoxillik dostluğunun təməlinə çevriləcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizin üçün bu əlamətdar günlərdə atanız, Azərbaycanın ümummilli lideri, çoxillik dostluq telləri ilə bağlı olduğumuz Heydər Əliyevi böyük ehtiram hissi ilə xatırlayırıq. Heydər Əliyevin çox güclü yaddaşı vardı və həyatının mürəkkəb günlərində onunla yanaşı olmuş insanları xatırlayırdı.

Sizə və Azərbaycan xalqına səmimi qəlbdən firavanlıq, tərəqqi və uğurlar arzulayırıq.

Rusiya Jurnalistlər İttifaqı da öz növbəsində Sizinlə müzakirə etdiyimiz Azərbaycanla müştərək layihələri davam etdirməyə hazırdır. Bu, ilk növbədə "Xəzər: gələcək naminə tərəfdaşlıq" adlı genişmiqyaslı aksiyaya aiddir. Fikrimizcə, bu layihədə iştirakınız bir dövlət kimi Azərbaycanın və tanınmış siyasi xadim kimi Sizin şəxsi nüfuzunuzu daha da artıracaqdır".

XXX

"SOS" Uşaq Kəndləri təşkilatının prezidenti Siddharta Kauldan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində əldə etdiyiniz möhtəşəm qələbə münasibətilə Sizi Ümumdünya SOS Uşaq Kəndləri ailəsi adından və şəxsən öz adımdan təbrik edirəm.

Gözəl ölkənizə fevral ayında etdiyim səfəri hələ də xatırlayıram və göstərdiyiniz qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Əminəm ki, rəhbərliyinizlə Azərbaycan ilə SOS Uşaq Kəndləri arasında əlaqələr daha da güclənəcəkdir. Sizin bu sahədə davamlı dəstəyinizə ümid edirik.

Sizi əmin edirik ki, Azərbaycanda daha çox uşaq və gəncə xidmət etmək bizim üçün qürurlu və məsuliyyətli işdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti