...

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib (FOTO)

Siyasət Materials 19 Yanvar 2014 21:16 (UTC +04:00)
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri, Britaniya ictimaiyyətinin təmsilçiləri və jurnalistlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan səfirliyin birinci katibi Vüsal Abdullayev bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yadda qalmışdır. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ona görə də 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

Londonda fəaliyyət göstərən "Azərbaycan Evi" Mədəniyyət və Dostluq Mərkəzi idarə heyətinin sədri Əli Təkin Atalar 20 Yanvar hadisələrinin hüquqi-siyasi qiymətləndirilməsindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqı 20 Yanvar faciəsi zamanı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirmişdir. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmışlar. Vurğulanmışdır ki, xalqımızın qan yaddaşına yazılmış 20 Yanvar eyni zamanda qəhrəmanlıq səhifəsidir.

20 Yanvar hadisələrinin şahidi Fəridə Pənahova faciənin səbəbləri, o dövrdə Sovet İttifaqına rəhbərlik edən şəxslərin Azərbaycan xalqına qarşı məkrli siyasəti, xalqımızın düçar olduğu faciənin ağır nəticələri haqqında danışmışdır. F.Pənahova bu günün Azərbaycanın tarixində, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi mühüm əhəmiyyətini vurğulamışdır. Bu dəhşətli faciənin xalqımızın qan yaddaşından heç zaman silinməyəcəyi qeyd edilmişdir.

Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqı 20 Yanvar qurbanlarının xatirəsini həmişə əziz tutur. Ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir, onlara lazımi diqqət və qayğı göstərilir.

Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı fotosərgi və sənədli film nümayiş etdirilmişdir.

Sonda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ehsan süfrəsi açılmışdır.

Xəbər lenti

Xəbər lenti