Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/
Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün fevralın 11-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Azay Quliyev və Ağalar Vəliyev daxildirlər.
ATƏT PA-nın qış sessiyasında "Ekstremizmin, radikalizmin və ksenofobiyanın güclənməsinin ATƏT regionuna təsiri", "Ukraynada siyasi vəziyyət" mövzuları ilə bağlı müzakirələr keçiriləcək.
Sessiya çərçivəsində qurumun Demokratiya, insan haqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə ATƏT regionunda qanunun aliliyi, silahlı qüvvələrə və təhlükəsizliyə parlament nəzarətinin həyata keçirilməsi, bu sahədə milli və beynəlxalq səviyyədə şəffaflığın təmin edilməsi, su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.
Səfər zamanı parlamentin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın Daimi komitəsinin toplantısına da qatılacaq. Yığıncaqda seçkiləri müşahidə missiyalarının və xüsusi komitələrin fəaliyyəti barədə məruzələr dinləniləcək, təşkilatın cari ilin aprel ayında Kopenhagendə Büro iclasına, 28 iyun - 2 iyul tarixlərində Bakıda keçiriləcək 23-cü illik sessiyasına və digər tədbirlərə hazırlıqla əlaqədar məsələlərə baxılacaq.
Milli Məclisin deputatları qurumun tədbirlərində müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcək, təkliflərini verəcəklər.
Səfər fevralın 14-də başa çatacaq.