Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir T.Cəfərov/
Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov ötən gün İranın xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur ilə görüşüb. Bu barədə Trend-ə Azərbaycanın İrandakı səfirliyindən bu gün məlumat verilib.
Məlumata əsasən, görüş zamanı siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub. Görüş zamanı regionun iqtisadi gələcəyi üçün böyük önəm daşıyan və "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi"nin bir hissəsi olan "Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan)" dəmiryol xəttinin çəkilişinin mümkün qədər tez bir zamanda başa çatdırılmasının nəinki Azərbaycan və İran üçün əhəmiyyəti, Fars körfəzindən yüklərin Skandinaviya ölkələrinə daha sərfəli şərtlərlə daşına biləcəyi baxımından da rolu qeyd oluub.
Görüşdə qarşılıqlı ikitərəfli səfərlərin intensivləşdirilməsinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi xüsusi vurğulanıb.
İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpurun yaxın günlərdə Azərbaycan Respublikasına səfər etməsi nəzərdə tutulur.
Görüşdə maraq doğuran digər sahələr üzrə də fikir mübadiləsi aparılıb.