Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir T.Cəfərov/
Azərbaycan və İran arasında tarixi bağlılıqlar var və hazırda iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açılıb. Bu sözləri Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxşlə görüşündə deyib.
Trend-in İranın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, C.Axundov Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərinin iki ölkə arasında iqtisadi əlaqələrinin inkişafına zəmin yaratdığını bildirib və deyib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqların artırılması üçün geniş potensial var.
C.Axundov bildirib ki, Ərdəbil əyalətində mədənlər, sənaye və turizm sahəsinə sərmayə yatırmaq üçün potensial var: "Biz azərbaycanlı investorları Ərdəbilə sərmayə yatırmaları üçün təşviq edəcəyik".
Səfir C.Axundov İran və Azərbaycan dəmir yollarının birləşdirilməsinin zəruriliyini vurğulayıb və deyib ki, Ərdəbil dəmir yolunun Azərbaycan dəmir yoluna birləşdirilməsi iki ölkə arasında iqtisadi əlaqələrin artmasına zəmin yaradacaq.
Görüşdə Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş qeyd edib ki, Ərdəbil əyalətinin bütün şəhərlərində azərbaycanlı investorlar üçün müxtəlif sahələrdə sərmayə yatırmağa potensial var. Onun sözlərinə görə, İran hökuməti özəl şirkətlər və xarici investorların sərmayə yatırmasında maraqlıdır və onlar üçün güzəştlər tətbiq edir.
M.Xudabəxş azərbaycanlı investorları Ərdəbil əyalətindəki iqtisadi layihələrlə tanışlıq üçün səfərə dəvət edib.